İsti dalğalar Avropa torpaqlarını sürətlə qurudur
Uzun müddət davam edən istilik və quraqlıq səbəbindən Avropadakı torpaqlar getdikcə daha sürətlə quruyur. Əsas problem təkcə yağıntının olmaması deyil, həm də temperaturun artması səbəbindən nəmin buxarlanmasının artmasıdır. Oxuməni.az xəbər verir ki, bu barədə World Weather Attribution (WWA) qrupunun apardığı araşdırmada deyilir.
Alimlər qeyd edirlər ki, istiləşmə səbəbindən atmosfer "susuzlaşır" və torpaqlardan, çaylardan, göllərdən və su anbarlarından sürətlə su çəkir.
ETH Sürix Atmosfer və İqlim Elmləri İnstitutundan Dominik Şumaxer izah etdi ki, "Hava daha da istiləşəndə torpaqdan suyu çəkir".
Tədqiqata görə, Qərbi Avropada kənd təsərrüfatı torpaqlarında quraqlıqlar sənayeləşmədən əvvəlkindən təxminən beş dəfə çoxdur.
"Ən narahatedici məqam odur ki, bu şərait 1,4°C istiləşmə ilə baş verir",- deyə London İmperial Kollecindən tədqiqatçı Mariam Zakaria qeyd edib. Onun sözlərinə görə, "Qlobal səviyyədə proqnozlaşdırıldığı kimi hava temperaturu müsbət 2,8 dərəcə qalxarsa, bu intensiv buxarlanma ehtimalı ikiqat arta bilər."
12 Avropa ölkəsindən olan alimlər tərəfindən aparılan tədqiqatda atmosferin nəmi udma qabiliyyətinin göstəricisi olan yağıntı, torpaq nəmliyi və potensial buxarlanma dəyişiklikləri təhlil edilib.
Quraqlıqlar artıq Avropa kənd təsərrüfatına ağır təsir göstərir. Alimlər xəbərdarlıq edirlər ki, quraqlıq nəticəsində baş verən məhsul itkiləri ərzaq qiymətlərinin artmasına səbəb ola bilər.
Buna misal olaraq, qarğıdalı məhsulunun son 50 ildə ən aşağı səviyyəyə düşən Fransanı göstərmək olar.
Bu arada bir neçə Avropa ölkəsi artıq içməli suyun qeyri-zəruri məqsədlər üçün istifadəsinə məhdudiyyətlər tətbiq edib.
Əziz Mustafa




















































































