Sankt-Peterburq yaxınlığında, Tver və Simferopolda Wildberries anbarlarına hücum edilib

Sankt-Peterburq yaxınlığında, Tver və Simferopolda Wildberries anbarlarına hücum edilib

10:32
Bəyəndim (1) Bəyənmədim (0)

Bir sıra Telegram kanalları və onlayn KİV-lərin məlumatlarına görə, cümə günü gecə Wildberries şirkətinin anbarları Rusiyanın azı iki regionunda – Leninqrad vilayəti və Tverdə, həmçinin ilhaq edilmiş Krımda Ukraynanın hücumlarına məruz qalıb.

Oxuməni.az xəbər verir ki, "Astra" Telegram kanalı özünün OSINT-təhlilinə və şahidlərin çəkdiyi kadrlara əsaslanaraq yazır ki, hücumdan sonra Leninqrad vilayətinin Vsevolojsk rayonunun Novosaratovka kəndində yerləşən "Wildberries Sankt-Peterburq" anbarında yanğın baş verib. Yazıda deyilir: "Bu WB anbarı Sankt-Peterburqun inzibati sərhədinin dərhal arxasında yerləşir. O, Sankt-Peterburqa xidmət etdiyi və şəhərə demək olar ki, bitişik olduğu üçün onu çox vaxt 'Wildberries Sankt-Peterburq anbarı' adlandırırlar".

Daha sonra kanal abunəçilərinə istinadən xəbər verib ki, hücumdan sonra Sankt-Peterburq üzərində şəhərin müxtəlif hissələrində iki yanğın ocağı görünüb. Kanal şəhərin üzərində yüksələn qara tüstü sütunlarının əks olunduğu fotoları yayımlayıb.

Bu arada, "Exilenova+" Telegram kanalı Leninqrad vilayətindəki hücum anı olduğu iddia edilən videoları yayımlayıb. WB-nin mətbuat xidməti səhərə yaxın bildirib: "Şirkətin Şuşarı və Utkina zavod (hər ikisi Sankt-Peterburqdadır) logistika komplekslərinin işi müvəqqəti olaraq dayandırılıb. İşin bərpası barədə əlavə məlumat veriləcək".

Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov şəhərə "hərbi təyinatlı pilotsuz uçuş aparatları ilə hücum" edildiyini bildirib və əlavə edib ki, "zərbə Moskva şossesindəki mülki infrastruktur obyektlərinə dəyib".

Həmin "Exilenova+" kanalı daha əvvəl həmin gecə Tver və ilhaq edilmiş Simferopolda WB-nin logistika mərkəzlərinə edilən hücumlar barədə yazıb. Məlumatlara görə, hər iki regionda zərbələr nəticəsində marketpleysin anbarlarında yanğın baş verib. "RWB Wildberries Russ Mətbuat Xidməti" Telegram kanalında iyulun 24-nə keçən gecə bildirilib ki, "şirkətin Simferopoldakı çeşidləmə mərkəzi təhlükəsizlik tələblərinə uyğun olaraq təxliyə edilib".

Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko "Vsevolojsk rayonunun Novosaratovka kəndində 'Wildberries' şirkətinin anbarlarında yanğın" baş verdiyini bildirib. Onun məlumatına görə, üç nəfər xəsarət alıb, "onlara xəstəxanada həkimlər tərəfindən yardım göstərilir".

Qeyd edək ki, Ukraynanın əvvəlki hücumları nəticəsində Moskva yaxınlığındakı Elektrostalda (250 min kvadrat metr), Tambov vilayətindəki Kotovskda (108 min kvadrat metr), Krasnodarda (100 min kvadrat metr) və Stavropol vilayətindəki Nevinnomısskda (94 min kvadrat metr) WB kompleksləri yanmış və ya zədələnmişdi.

Almaz Həsənli