London Kiyevə "Stone Cloak" radioelektron mübarizə texnologiyasının hüquqlarını verəcək

London Kiyevə "Stone Cloak" radioelektron mübarizə texnologiyasının hüquqlarını verəcək

11:10
Bəyəndim (1) Bəyənmədim (0)

Böyük Britaniya Ukraynaya özünün yeni "Stone Cloak" radioelektron mübarizə (REM) sisteminin intellektual mülkiyyət hüquqlarını təhvil verəcək. Bu, Kiyevə həmin sistemi sənaye miqyasında istehsal etməyə imkan verəcək. Oxuməni.az xəbər verir ki, bu barədə Britaniya mediası Baş nazir Endi Börnemin bəyanatına istinadən məlumat yayıb.

"Stone Cloak - Britaniyanın cəbhədə sınaqdan keçirilmiş ən yaxşı milli innovasiyasıdır. O, hər iki ölkəmizin təhlükəsizliyinin təmin edilməsində həyati rol oynayacaq", - deyə Baş nazir bildirib.

Börnem əlavə edib: "Böyük Britaniya Ukrayna ilə çiyin-çiyinə dayanır və bizim dəstəyimiz sarsılmaz olaraq qalır". Onun sözlərinə görə, "Rusiya bizim qətiyyətimizdən şübhə etməməlidir və biz Ukrayna üçün davamlı və ədalətli sülhə nail olana qədər geri çəkilməyəcəyik".

"Stone Cloak" təxminən noutbuk ölçüsündə olan qurğulardır. Böyük Britaniya daha əvvəl Ukrayna dronlarını Rusiya hava hücumundan müdafiə sistemləri üçün görünməz etmək məqsədilə Kiyevə minlərlə belə sistem təhvil verib. London "Stone Cloak" texnologiyasından yeni Britaniya uzaqmənzilli silahlarında, o cümlədən ucuz qanadlı raketlərin hazırlanması üzrə "Brakestop" layihəsi çərçivəsində də istifadə etməyi planlaşdırır.

Bu gün Börnem Vladimir Zelenskini qəbul edəcək – bu, Britaniya Baş nazirinin vəzifəyə gəldiyi gündən bəri qəbul etdiyi ilk xarici qonaq olacaq. Börnemin sözlərinə görə, bu səfər Londonun Kiyevə olan "sarsılmaz" dəstəyini vurğulayacaq.

Siyasətçilər ukraynalı hərbçilərin təlim keçdiyi hərbi-dəniz bazasına baş çəkəcəklər. Orada liderlər 15 ölkənin iştirakı ilə Qara dənizdə minalardan təmizləmə və digər dəniz əməliyyatlarının məşq edildiyi "Sea Breeze" təlimlərində iştirak etmiş ukraynalı və britaniyalı hərbçilərlə görüşəcəklər.

Almaz Həsənli