İsrail Trampın planına əsasən Qəzzaya beynəlxalq qüvvələrin yerləşdirilməsini təsdiqləyib

İsrail Trampın planına əsasən Qəzzaya beynəlxalq qüvvələrin yerləşdirilməsini təsdiqləyib

13:19
Bəyəndim (1) Bəyənmədim (0)

İsrail hökuməti ABŞ Prezidenti Donald Trampın Qəzza ilə bağlı 20 bəndlik “sülh planı”nın bir hissəsi olaraq Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin (BSQ) Qəzza zolağına yerləşdirilməsini təsdiqləyib. Oxuməni.az xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb.

Məlumata görə, beynəlxalq sabitləşdirmə qüvvələrinin Qəzza zolağına cəlb edilməsi təsdiqlənib. Kontingent İsrail ordusunun hərbi nəzarəti altında olmayan ərazilərdə fəaliyyət göstərəcək və öz fəaliyyətini İsrail Silahlı Qüvvələri ilə əlaqələndirəcək.

BSQ-nin yerləşdirilmə tarixləri hələ açıqlanmayıb. Bildirilir ki, qüvvələrin tərkibinə Uqanda və Mərakeş kimi “dost ölkələrdən” təxminən 200 nəfər daxil olacaq. Nazirlər Kabineti qərara alıb ki, hansı ölkələrin öz qüvvələrini göndərə biləcəyini İsrail təsdiqləyəcək.

Məqalədə qeyd olunur ki, Trampın planı həyata keçirildikdən sonra İsrail Qəzza zolağına kimin daxil ola biləcəyini və kimin daxil ola bilməyəcəyini, həmçinin bölgəyə nə qədər humanitar yardım və ərzaq gətiriləcəyini müəyyən etmək səlahiyyətinə malik olacaq.

Sənəddə həmçinin ərazinin idarə olunması və bərpasına nəzarət edəcək beynəlxalq “Sülh Şurası”nın yaradılması, eləcə də Qəzzanın idarə olunması üçün texnokratlardan ibarət Milli İdarəetmə Komitəsinin formalaşdırılması nəzərdə tutulur. Planın digər müddəaları arasında HƏMAS-ın tərksilah edilməsi və İsrail qoşunlarının Qəzza zolağından mərhələli şəkildə çıxarılması da yer alır.

Almaz Həsənli