Porsche 2035-ci ilə qədər 9 mindən çox iş yerini ixtisar edəcək
Almaniyanın lüks avtomobil istehsalçısı olan Porsche-nin rəhbərliyi və həmkarlar ittifaqı nümayəndələri aylarla davam edən danışıqlardan sonra 5 min iş yerinin ixtisarını nəzərdə tutan yeni planı razılaşdırıblar. Oxuməni az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Ümumilikdə, ötən il təsdiqlənmiş 3,9 min ixtisar da daxil olmaqla, 2035-ci ilə qədər təxminən 9 min işçinin ixtisar edilməsi planlaşdırılır ki, bu da hər beş işçidən birinin işini itirməsi deməkdir. İxtisarlar təbii azalma və könüllü işdənçıxarma proqramları hesabına həyata keçiriləcək. 2024-cü ilin sonuna olan məlumata görə, Porsche-nin ştatında təxminən 42,6 min nəfər çalışırdı.
İxtisarlar ana şirkət olan Volkswagen konserninin və onun brendlərinin zəif tələb və xüsusilə Çin bazarındakı sərt rəqabət fonunda apardığı genişmiqyaslı restrukturizasiya çərçivəsində həyata keçirilir. Daha əvvəl Volkswagen-in yaxın illərdə dünya üzrə 100 minə qədər işçini ixtisar etməyi planlaşdırdığı barədə məlumatlar yayılmışdı.
Analitiklərin fikrincə, bu tədbirlər birbaşa satışların azalması ilə bağlıdır, çünki Çində tələbatın əhəmiyyətli dərəcədə artacağı gözlənilmir.
Almaz Həsənli


















































































