BTS qrupu "Qremmi" mükafatında iştirakdan imtina edib
K-pop qrupu BTS özünün yeni "Arirang" albomunu 2027-ci il "Qremmi" musiqi mükafatına təqdim etməyəcək. Bu barədə BTS-in yeddi üzvü İnstaqram hesablarında məlumat verib. Oxuməni az xəbər verir ki, məlumatı "Pitchfork" nəşri yayıb.
"Biz ümid edirik ki, musiqimiz regionlara və ya dillərə bölünmədən olduğu kimi dinləniləcək və seviləcək", — deyə musiqiçilər bildiriblər.
Bir ay yarım əvvəl "Qremmi" mükafatını təşkil edən Amerika Səs Yazma Akademiyası bir neçə yeni kateqoriyanın, o cümlədən "Ən yaxşı Asiya pop musiqisi ifası" kateqoriyasının tətbiq edildiyini elan etmişdi.
Bu kateqoriya "Qremmi"nin inklüzivliyini artırmaq üçün yaradılsa da, bəzi K-pop pərəstişkarları bunun K-pop ifaçılarının əsas kateqoriyalarda qalib gəlməsinə mane olacağını düşünərək onu tənqid ediblər.
BTS qrupu beş dəfə "Qremmi"yə namizəd göstərilib, lakin heç vaxt mükafatı qazana bilməyib.
BTS "Arirang" albomunu 2026-cı ilin martında — qrup üzvlərinin hərbi xidməti ilə bağlı dörd illik fasilədən sonra buraxıb. "Arirang" üç həftə ərzində ABŞ-ın "Billboard" çartında birinci yeri tutub ki, bu da K-pop albomları üçün rekord göstəricidir.
"Qremmi"nin qaydalarına görə, "Ən yaxşı Asiya pop musiqisi ifası" kateqoriyasında qalib gəlmək üçün "Asiya ölkələrinin bir və ya bir neçə dilindən əhəmiyyətli dərəcədə istifadə olunan" əsərlər iddia edə bilər. Jurnalistlərin hesablamalarına görə, "Arirang" albomundakı mahnıların 80%-i ingilis dilində yazılıb.
Almaz Həsənli














































.jpg)





































