“Samsung Electronics”-in ikinci rübdə mənfəəti 14 dəfə artıb

“Samsung Electronics”-in ikinci rübdə mənfəəti 14 dəfə artıb

15:48
Bəyəndim (1) Bəyənmədim (0)

Cənubi Koreya nəhəngi "Samsung Electronics" 2026-cı ilin ikinci rübündə xalis mənfəətinin kəskin artdığını açıqlayıb: göstərici illik müqayisədə təxminən 1300% (14 dəfə) artaraq 71,62 trilyon von (49,6 milyard dollar) təşkil edib. Oxuməni az xəbər verir ki, "Yonhap" agentliyinin məlumatına görə, bu nəticə süni intellekt (Sİ) üçün çiplərə olan tələbatın mobil seqmentdəki enişi kompensasiya etməsi sayəsində mümkün olub.

Şirkətin aprel-iyun ayları üzrə əməliyyat mənfəəti illik müqayisədə 19,1 dəfə (1813,8%) artaraq 89,49 trilyon vona çatıb. İstehsalçı bu rekordu artıq üçüncü rübdür ki, yeniləyir. Satışlar 2,3 dəfə artaraq 171,49 trilyon von təşkil edib ki, bunun da rekord həddə olan 127,5 trilyon vonu yarımkeçiricilər biznesinin payına düşür.

Yekun göstəricilər bazarın gözləntiləri ilə üst-üstə düşüb: "Yonhap Infomax" analitiklərinin xalis mənfəət üzrə konsensus-proqnozu 71,21 trilyon von təşkil edirdi. Bir səhmə düşən mənfəət həm adi, həm də imtiyazlı səhmlər üzrə 10,8 min vonu keçib ki, bu da əvvəlki rüblə müqayisədə 52% çoxdur.

Bununla yanaşı, mobil cihazlar və məişət texnikası bölməsi 48 trilyon von gəlir müqabilində 800 milyard von əməliyyat zərəri qeydə alıb. Bu, şirkətin tarixində strukturun ilk rüblük zərərdir. Buna səbəb əsas komponentlərin — DRAM və NAND yaddaşlarının kəskin bahalaşması nəticəsində xərclərin artması olub.

Almaz Həsənli