İsrail məhkəməsi timsahların həbsxana mühafizəsində istifadəsi planını dayandırıb

İsrail məhkəməsi timsahların həbsxana mühafizəsində istifadəsi planını dayandırıb

16:29
Bəyəndim (1) Bəyənmədim (0)

Qüds Dairə Məhkəməsi Nil timsahlarının Neqev səhrasındakı "Kziot" həbsxanasına köçürülməsini müvəqqəti olaraq qadağan edib və bununla da İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin təşəbbüsünün icrasını dayandırıb. Oxuməni.az xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.

Plan, əlavə təhlükəsizlik tədbiri kimi həbsxana kompleksinin ətrafındakı xəndəyə timsahların yerləşdirilməsini nəzərdə tuturdu. Müvafiq xəndəyin tikintisinə hələ iyul ayında başlanılmışdı. İsrailin ən böyük ciddi rejimli həbsxanalarından biri olan "Kziot"da fələstinli məhbuslar da daxil olmaqla bir çox məhkum saxlanılır.

Məhkəmənin qərarı "Heyvanların yaşamasına icazə verin" (Let the Animals Live) adlı heyvanları müdafiə təşkilatının müraciətindən sonra verilib. Heyvan hüquqları müdafiəçiləri təşəbbüsün qanuniliyini şübhə altına alıb və heyvanlara zərər verilə biləcəyini bəyan ediblər. Hakim Avraham Rubin məhkəmənin növbəti qərarına qədər həbsxanaya heç bir timsahın gətirilməyəcəyinə dair qərar çıxarıb.

İsrailin Təbiət və Parklar İdarəsi də daha əvvəl bildirmişdi ki, timsahların azadlıqdan məhrumetmə yerlərində təhlükəsizlik vasitəsi kimi istifadə edilməsinin heç bir elmi və ya peşəkar əsasını tapmayıb və həm insanlar, həm də ətraf mühit üçün potensial risklər barədə xəbərdarlıq etmişdi.

Ben-Qvir məhkəmənin qərarını tənqid edərək, məhkəmə sisteminin onun ölkənin təhlükəsizliyini gücləndirmək üçün təklif etdiyi tədbirlərə mane olduğunu bildirib. Məsələyə dövlət öz mövqeyini təqdim etdikdən sonra yenidən baxılacaq.

Almaz Həsənli