ABŞ-da yeni "Boeing 737 MAX 7" sərnişin təyyarəsinin istismarına başlanıb
ABŞ-ın Federal Aviasiya Administrasiyası (FAA) "Boeing 737 MAX 7" təyyarəsinin istismarına uzun müddətdir gözlənilən icazəni verib. Bu, ən populyar modelinin ən kiçik modifikasiyasının satışına başlamaq üçün illərlə fürsət gözləyən Amerika aviasiya istehsalçısı üçün mühüm bir mərhələdir. Oxuməni az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
"Boeing 737 MAX 7"-nin sertifikatlaşdırma proqramı hələ 2018-ci ildə başlayıb və 1000 saatdan çox uçuş və yerüstü sınaqları əhatə edib. Bu proses zamanı şirkət mühərriklərin buzlanmaya qarşı sistemini modernləşdirməli, uçuş idarəetmə sisteminin proqram təminatını, habelə FAA-nın tələblərinə və Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının (NTSB) tövsiyələrinə uyğun olaraq ekipajı xəbərdar etmə sistemini yeniləməli olub.
2018 və 2019-cu illərdə baş vermiş iki "Boeing 737 MAX 8" qəzasından sonra Amerika şirkətinin yeni təyyarələri daha ciddi sertifikatlaşdırma prosedurundan keçir. 2024-cü ilin yanvarında "Alaska Airlines" aviaşirkətinə məxsus demək olar ki, yeni təyyarənin uçuş zamanı fyuzelyaj panelinin qopması hadisəsi istehsal proseslərinə və keyfiyyətə nəzarət sistemlərinə əlavə diqqəti cəlb edib.
"Boeing 737 MAX 7" 135–160 sərnişin daşımaq üçün nəzərdə tutulub və "Boeing 737 MAX" ailəsinin bütün təyyarələri arasında ən böyük uçuş məsafəsinə – 7040 km-ə qədər malikdir. Bu, transkontinental marşrutlarla uçmağa imkan verir. Bundan əlavə, təyyarə daha çox vizual məkan, LED işıqlandırma və çamadanların şaquli yerləşdirilməsi üçün böyüdülmüş baqaj rəfləri təmin edən yenilənmiş "Sky Interior" salonuna malikdir.
"Boeing"-in məlumatına görə, layner əvvəlki nəsil təyyarələrlə müqayisədə təxminən 20% daha az yanacaq sərf edir və 50% daha az səs-küy yaradır.
"Cirium" analitik şirkətinin məlumatına görə, "Boeing" artıq 30-a yaxın "737 MAX 7" təyyarəsi istehsal edib. İlk istismarçı "Southwest Airlines" aviaşirkəti olacaq.
Almaz Həsənli



















































































