İran və Oman Hörmüz boğazı vasitəsilə gəmiçiliyin bərpası ilə bağlı razılaşmaya yaxındır

İran və Oman Hörmüz boğazı vasitəsilə gəmiçiliyin bərpası ilə bağlı razılaşmaya yaxındır

15:32
Bəyəndim (0) Bəyənmədim (0)

İran və Oman dünya ticarətinin ən mühüm dəniz marşrutlarından biri olan Hörmüz boğazı vasitəsilə gəmiçiliyin bərpasına dair razılaşmaya yaxınlaşıblar. Oxuməni az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti İran və ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, müzakirə olunan mexanizmə əsasən, Fars körfəzinə daxil olan gəmilər İran sahilləri boyunca yerləşən və İranın nəzarət etdiyi marşrutla hərəkət edəcək, körfəzdən çıxan gəmilər isə Oman sahilləri yaxınlığındakı marşrutdan istifadə edəcəklər.

İran mənbələrinin iddiasına görə, boğazdan keçid sərbəst qalacaq. Lakin gəmilər ətraf mühitə təsirin azaldılması, yük gəmiləri və tankerların təhlükəsizliyinin təmin edilməsi, eləcə də xidmət personalının fəaliyyəti ilə bağlı xərcləri ödəmək məqsədilə xüsusi xidmət haqqı ödəyəcəklər. Əldə olunacaq vəsaitin İran və Oman arasında bərabər bölüşdürülməsi nəzərdə tutulur.

Bununla yanaşı, danışıqların gedişi ilə tanış olan amerikalı rəsmi bu yanaşmanı təkzib edib. Onun sözlərinə görə, müvəqqəti marşrutlardan istifadə üçün İrandan icazə almağa ehtiyac olmayacaq və boğazdan keçidə görə heç bir rüsum tutulmayacaq.

ABŞ Prezidenti Donald Tramp daha əvvəl bildirmişdi ki, Hörmüz boğazının yenidən açılması Vaşinqtonun əsas prioritetlərindən biridir. Çünki aylarla davam edən gəmiçilik problemləri qlobal bazarlara və enerji daşıyıcılarının tədarükünə mənfi təsir göstərib. Gəmiçilik məsələsi həll olunduqdan sonra tərəflər İranın nüvə proqramını da müzakirə edə bilərlər.

Tehran isə bəyan edib ki, boğazın açılması ABŞ-ın Fars körfəzindəki İran limanlarına tətbiq etdiyi hərbi-dəniz blokadasının aradan qaldırılması ilə müşayiət olunmalıdır. The New York Times yazır ki, Hörmüz boğazı ilə bağlı danışıqlar İranın zənginləşdirilmiş uran ehtiyatlarının taleyi ətrafında aparılan müzakirələrlə paralel şəkildə davam edir.

Ən mübahisəli məsələlərdən biri yeni marşrut üzərində nəzarətin hansı səviyyədə həyata keçiriləcəyidir. Vaşinqtonda hesab edirlər ki, təklif olunan sxem İranın beynəlxalq dəniz yolu ilə hərəkət edən gəmilər üzərində faktiki təsir imkanları əldə etməsi üçün presedent yarada bilər.

ABŞ dövlət katibi Marko Rubio bundan əvvəl xəbərdarlıq etmişdi ki, hər hansı dövlətə beynəlxalq gəmiçilik marşrutuna nəzarət etmək və ya oradan keçən gəmilərdən ödəniş toplamaq imkanı verən mexanizmlər təhlükəli beynəlxalq presedent yarada bilər. Rubio vurğulayıb ki, ABŞ beynəlxalq su yolundan istifadəyə görə rüsumların tətbiqini dəstəkləmir.

The New York Timesın məlumatına görə, Pentaqonda da mümkün razılaşmanın nəticələri ilə bağlı narahatlıq var. ABŞ hərbi dairələrinin bir hissəsi hesab edir ki, belə kompromis, xüsusilə də minalanma təhlükəsi səbəbindən gəmilərin təhlükəsiz keçidi üçün İran tərəfi ilə koordinasiya tələb olunarsa, Tehrana güzəşt kimi qiymətləndirilə bilər.

İran mənbələri isə bildirirlər ki, Tehran Hörmüz boğazını özünün əsas strateji rıçaqlarından biri hesab edir və gəmiçiliyin mümkün bərpasından sonra da bölgədə təsir imkanlarını qoruyub saxlamaq niyyətindədir.

Almaz Həsənli