ABŞ-da Hörmüz boğazı ilə bağlı sazişin təfərrüatı açıqlanıb
Hörmüz boğazı ilə bağlı saziş ticarət gəmilərinin İranın ərazi suları vasitəsilə Fars körfəzinə daxil olmasını nəzərdə tutur. Oxuməni az xəbər verir ki, mümkün razılaşmanın təfərrüatlarını "The Wall Street Journal" (WSJ) nəşri açıqlayıb.
Xüsusilə, sazişə əsasən, ticarət gəmiləri Fars körfəzinə İran sahillərindəki dəhliz vasitəsilə daxil olacaq, körfəzi isə Omanın ərazi suları ilə tərk edəcəklər. WSJ qeyd edir ki, körfəzdən çıxış üçün heç bir ödəniş tələb olunmayacaq.
Nəşrin məlumatına görə, İran nümayəndələri gəmilərin keçidi üçün rüsum toplamaq hüququ, həmçinin hücumların təkrarlanmayacağına dair təminat, ABŞ-ın dəniz blokadasının aradan qaldırılması və İran neftinə qarşı sanksiyaların yumşaldılmasını tələb ediblər. Qəzet yazır ki, ABŞ və Yaxın Şərq ölkələri rüsum tələbini rədd edib və Tehranın təhdid yaratmayacağına dair təminat istəyirlər.
WSJ-nin məlumatına görə, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəzi nümayəndələri danışıqlarda vasitəçilik edənlərə bildiriblər ki, Tehran İranın boğaz üzərində nəzarət hüququ olmadan heç bir sazişi qəbul etməyəcək və zərurət yaranarsa, aylarla döyüşməyə hazırdır.
Əgər vasitəçilər Hörmüz boğazı ilə bağlı razılığa gələ bilsələr, növbəti addım qarşılıqlı anlaşma memorandumunun bərpası olacaq. Qeyd olunur ki, Pakistan İran-ABŞ danışıqlarının yeni raunduna ev sahibliyi etməyi təklif edib.
Almaz Həsənli



















































































