Hindistan Rusiya istehsalı olan Su-57 qırıcılarını almaqdan imtina etmək qərarına gəlib
Hindistan yaxın vaxtlarda, o cümlədən Su-57 də daxil olmaqla, "Suxoy" ailəsinə məxsus yeni Rusiya qırıcılarını almağı planlaşdırmır və mövcud Su-30MKI parkının modernləşdirilməsinə diqqət yetirmək niyyətindədir. Oxuməni az xəbər verir ki, bu barədə "Defence Security Asia" nəşrinə istinadən Hindistanın Müdafiə Nazirliyinin katibi Raceş Kumar Sinqx məlumat verib.
"Xeyr, biz yeni "Suxoy" təyyarələrini nəzərdən keçirməmişik. Hindistan Rusiya lisenziyası ilə istehsal etdiyimiz mövcud "Suxoy"ların modernləşdirilməsi ilə fəal şəkildə məşğuldur", - deyə Sinqx bildirib.
Nəşrin qiymətləndirməsinə görə, Yeni Deli vəsaitləri həm Su-30MKI-lərin modernləşdirilməsinə, həm əlavə Fransa istehsalı olan "Rafale" qırıcılarının alınmasına, həm də özünün beşinci nəsil AMCA qırıcısının hazırlanmasına yönəltməyi planlaşdırır.
Hazırda Hindistan təxminən 260 ədəd Su-30MKI qırıcısını istismar edir. "Defence Security Asia"-nın məlumatına görə, Rusiya tərəfi Hindistana 36-dan 40-a qədər Su-57 qırıcısı almağı təklif etmişdi. Rusiya Prezidenti Vladimir Putin iyun ayında Moskvanın Yeni Deliyə Su-57 qırıcılarını tədarük etməyə hazır olduğunu bildirmişdi.
Almaz Həsənli



















































































