Blekaut Tbilisini və Gürcüstanın regionlarını işıqsız qoyub

Blekaut Tbilisini və Gürcüstanın regionlarını işıqsız qoyub

11:15
Bəyəndim (1) Bəyənmədim (0)

Avqustun 5-də axşam saatlarında Gürcüstanda genişmiqyaslı elektrik enerjisi kəsintisi baş verib. Oxuməni.az xəbər verir ki, Gürcüstanın Birinci kanalının məlumatına görə, kəsinti yerli vaxtla təxminən saat 20:15-də baş verib. Tbilisi və ölkənin əksər regionları işıqsız qalıb. Gürcüstan Dəmir Yollarında qatarların hərəkəti dayandırılıb.

"Ostarojno, novosti" Telegram kanalına danışan şahidlərin sözlərinə görə, Tbilisidə mağazalarda, restoranlarda, eləcə də metroda elektrik enerjisi kəsilib. Bundan dərhal sonra kiçik biznes sahibləri generatorlardan istifadə etməyə başlayıblar.

Çərşənbə günü "Tbilisi life" Telegram kanalının Gürcüstanın Energetika və Su Təchizatını Tənzimləmə üzrə Milli Komissiyasının üzvü Georgi Panqaniyə istinadən verdiyi məlumata görə, ölkənin enerji sistemindəki kəsinti İnquri SES-in aqreqatlarının planlı sınaqları ilə bağlıdır. Onun sözlərinə görə, sınaqların məqsədi iyulun 24-ü və 25-də baş vermiş qəzaları nəzərə alaraq sistemdəki zəif nöqtələri aşkar etmək və qiymətləndirmək olub. "Hazırda qəzanın dəqiq səbəbini müəyyən etmək üçün baş verənlərin ətraflı təhlili aparılır", - deyə o yazıb.

Xatırladaq ki, bu, son iki həftə ərzində Gürcüstanda baş verən üçüncü blekautdur. İyulun 25-də Tbilisidə metronun işi dayandırılmış, su təchizatı və internet bağlantısında fasilələr yaranmışdı. Nasazlıqdan yarım saat sonra Tbilisinin bəzi rayonlarında elektrik enerjisi bərpa edilmişdi. Bir gün əvvəl isə Tbilisi və bir çox digər şəhərlər, o cümlədən Batumi, Kutaisi, Telavi, Borjomi, Bakuriani və Zuqdidi işıqsız qalmışdı.

Almaz Həsənli