Türkiyə SEEBRIG-in yeni ev sahibi ölkədir: 6 ölkədən olan hərbçilər artıq İstanbulda toplaşacaq
Cənub-Şərqi Avropa Briqadasının (SEEBRIG) qərargahı Şimali Makedoniyadan İstanbula köçürülüb. Oxuməni.az xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyinin rəsmi məlumatında deyilir. Qərargahın rəsmi olaraq 31 avqustda açılması planlaşdırılır və Türkiyə 2026-2032-ci illər arasında ikinci dəfə SEEBRIG-ə ev sahibliyi edəcək.
Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə hərbi müşaviri və sözçüsü kontr-admiral Zeki Aktürk həftəlik mətbuat brifinqində mövcud inkişaflarla bağlı açıqlamalar verdi. Aktürkün açıqlamalarından sonra nazirlik Cənub-Şərqi Avropa Briqadasının (SEEBRIG) qərargahının İstanbula köçürüldüyünü açıqladı. Nazirliyin açıqlamasına görə, Şimali Makedoniyanın Kumanovo şəhərindəki SEEBRIG qərargahından bütün nəqliyyat vasitələri, avadanlıqlar və materiallar 19-21 iyul tarixləri arasında İstanbula daşınıb. Qərargah heyəti də eyni tarixlərdə mərhələli şəkildə İstanbula gəlib. 3 avqustda qərargah İstanbulda tam əməliyyat hazırlığına çatıb.
SEEBRIG qərargahında Türkiyə, Albaniya, Bolqarıstan, Yunanıstan, Rumıniya və Şimali Makedoniyadan 28 əsas personal çalışır. Bu personaldan 12-si türk hərbçisi, 16-sı isə xarici hərbçidir.
SEEBRIG qərargahının təhvil verilməsi 27 avqustda İstanbulda keçiriləcək. Qərargahın rəsmi olaraq 31 avqustda fəaliyyətə başlaması planlaşdırılır.
Cənub-Şərqi Avropa Briqadası 1999-cu ildə regional sabitliyi, əməkdaşlığı və mehriban qonşuluq münasibətlərini təşviq etmək üçün yaradılmışdır. Türkiyə əvvəllər SEEBRIG qərargahına 2007-ci ildən 2011-ci ilə qədər ev sahibliyi edib. Qərargah ikinci dəfə 2026-cı ildən 2032-ci ilə qədər İstanbuldakı 3-cü Ordu Korpusunun General Muharrem Mazlum İskory Kazarmasında fəaliyyət göstərəcək.
Əziz Mustafa



.jpg)















































































