Süni intellekt bakteriyaları məhv edən virusların tam genomlarını yaradıb

Süni intellekt bakteriyaları məhv edən virusların tam genomlarını yaradıb

11:15
Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ-dan olan bioloqlar və riyaziyyatçılar əvvəllər mövcud olmayan, lakin həyat qabiliyyətinə malik bakteriofaqları tam avtonom rejimdə generasiya edə bilən süni intellekt sistemi hazırlayıblar. Oxuməni az xəbər verir ki, "Science" elmi jurnalında dərc olunan məqalədə tədqiqatçılar qeyd edirlər ki, bu sistemin yaratdığı viruslar təbii bakteriofaqların təsirinə davamlı olan bağırsaq çöpü (E. coli) patogen ştammını məhv edə bilib.

Tədqiqatda deyilir: "Biz ilk dəfə olaraq genomik böyük dil modelinin köməyi ilə tam sintetik bakteriofaq virusu genomu əldə edə bildik. Onun yaratdığı nəticələrdən istifadə edərək, artıq məlum olan FX174 virusunu şablon kimi götürməklə, həyat qabiliyyətinə malik bir neçə bakteriofaq variantı hazırladıq. Süni intellekt tərəfindən yaradılan bu virus analoqları həmin bakteriofaqa davamlı olan bağırsaq çöpünü məhv edə bildi".

Bu süni intellekt sistemi ABŞ-ın Arc İnstitutunun elmi işçisi Brayan Hinin rəhbərlik etdiyi amerikalı bioloq və riyaziyyatçılar qrupu tərəfindən tibbin əsas problemlərindən birini – xəstəlik törədən mikrobların antibiotiklərə və dərmanlara qarşı artan davamlılığını həll etmək üçün hazırlanıb. Bir çox alim hesab edir ki, bu problemi bakteriyaların konkret ştammlarına hücum edən viruslar – bakteriofaqlar vasitəsilə həll etmək olar.

Antibiotiklərin kəşfindən əvvəl alimlər bakteriofaq viruslarını infeksiyalarla mübarizə vasitələrindən biri kimi nəzərdən keçirirdilər, lakin İkinci Dünya müharibəsindən sonra bu viruslar faktiki olaraq yalnız SSRİ ərazisində öyrənilirdi. Son illərdə alimlər antibiotiklərin təsir etmədiyi xəstələrin müalicəsində artıq bir neçə dəfə bakteriofaqlardan istifadə ediblər ki, bu da yeni bakteriofaqların sürətlə əldə edilməsinə imkan verən texnologiyaların işlənib hazırlanmasına marağı artırıb.

Bu məsələni həll etmək üçün Hi və onun həmkarları, əvvəllər hazırladıqları "Evo" neyron şəbəkəsi bazasında süni intellekt sistemi qurdular. Bu sistem ümumi uzunluğu trilyonlarla genetik "hərf" (nukleotid) olan on minlərlə genomu özündə birləşdirən məlumat bazasında təlim keçib. Bioloqlar bu alqoritmi əlavə olaraq bağırsaq çöpü və digər geniş yayılmış mikroblara yoluxan Microviridae ailəsinə aid 14,2 min virusun genomu dəsti ilə təlimatlandırıblar.

Süni intellekt sisteminin işini yoxlamaq üçün alimlər alqoritmdən FX174 virusuna bənzəyən, lakin bu patogenə davamlı olan bağırsaq çöpünü məhv edə bilən, əvvəllər mövcud olmayan bir neçə yüz bakteriofaq variantı hazırlamağı xahiş ediblər. Sonrakı yoxlamalar göstərib ki, on altı virusdan ibarət dəst mikrobları aktiv şəkildə məhv edir və bununla da patogenlərlə mübarizə apara bilən süni intellekt əsaslı bakteriofaqların dizaynına yol açır.

Alimlərin vurğuladığı kimi, onların yaratdığı süni intellekt sistemi öyrədilərkən nə insan DNT-sindən, nə də insanlara yoluxan viruslardan istifadə olunub. Bu isə sistemin insanlar üçün təhlükəli olan yeni viruslar yaratmaq imkanını istisna edir. Bununla belə, neyroşəbəkənin həyat qabiliyyətinə malik viruslar yarada bilməsi faktı özü süni intellekt alqoritmlərinin köməyi ilə təsadüfən və ya qəsdən yeni təhlükəli patogenlərin meydana gəlməsinin qarşısını alacaq tədbirlərin görülməsinin zəruriliyini göstərir. Hi və onun həmkarları belə nəticəyə gəliblər.

Almaz Həsənli