Paşinyan Aİİ-nin fəaliyyətini tənqid edib

Paşinyan Aİİ-nin fəaliyyətini tənqid edib

12:22
Bəyəndim (1) Bəyənmədim (0)

Ermənistanın Baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqının (Aİİ) fəaliyyətini tənqid edib. Oxuməni.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Qırğızıstanda keçirilən Avrasiya Hökumətlərarası Şurasının (AHŞ) iclasında çıxış edən siyasətçi xatırladıb ki, Aİİ-nin əsas prinsiplərindən biri mal, xidmət, kapital və işçi qüvvəsinin sərbəst hərəkətinin təmin edilməsidir. Paşinyanın sözlərinə görə, praktikada bu prinsiplər tam şəkildə həyata keçirilmir: ayrı-ayrı tədbirlər ümumi bazarın tam fəaliyyət göstərməsinə mane olmağa davam edir.

Baş nazir vurğulayıb ki, Ermənistan Aİİ-yə üzv olan bütün dövlətlərin təsərrüfat subyektlərinin fəaliyyəti üçün maksimum dərəcədə yaxşı, bərabər və ayrı-seçkilikdən uzaq şərait yaradır. Paşinyan əlavə edib ki, İrəvan oxşar yanaşmanın ittifaqın bütün ərazisində tətbiq edilməli olduğu qənaətindədir.

Məhz buna görə də Ermənistan hesab edir ki, Aİİ-yə üzv dövlətlərin mal və xidmətlərinin ümumi bazara çıxışına təsir göstərə biləcək hər hansı tədbirin yalnız ittifaqın hüquq normalarına uyğun olaraq, razılaşdırılmış prosedurlar əsasında və səlahiyyətli orqanlar arasında konstruktiv dialoq çərçivəsində qəbul edilməsi prinsipial əhəmiyyət kəsb edir.

AHŞ-nin iclası avqustun 6-7-də Çolpon-Ata şəhərində keçirilir. Əvvəlki iclas martın 26-27-də Qazaxıstanın Çimkənd şəhərində baş tutmuşdu.

Almaz Həsənli