ABŞ kəşfiyyatı Rusiyanın NATO ölkələrindən birinə məhdud hücum edə biləcəyini istisna etmir
ABŞ kəşfiyyatı Rusiyanın alyansın öz üzvlərini müdafiə etməyə nə dərəcədə hazır olduğunu yoxlamaq üçün NATO ölkələrindən birinə məhdud hücum həyata keçirməyə cəhd edə biləcəyini ehtimal edir. Oxuməni.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" mənbələrinə istinadən məlumat yayıb.
Amerika kəşfiyyatı Moskvanın izləyə biləcəyi müxtəlif ssenariləri nəzərdən keçirir: kiberhücum, ərazini ələ keçirmək üçün tanınma nişanları olmayan silahlı şəxslərin göndərilməsi və NATO-nun şərq cinahına məhdud müdaxilə.
Məqalədə qeyd olunur ki, ən ekstremal ssenari olan sonuncunun ehtimalı hazırda aşağı olsa da, zaman keçdikcə artır. ABŞ kəşfiyyatı hesab edir ki, Rusiya bu variantlardan birini bu ilin payızından 2029-cu ilə qədər olan dövrdə həyata keçirməyə cəhd edə bilər.
Moskvanın NATO ölkələrindən birinə məhdud quru hücumu Şimali Atlantika Müqaviləsinin kollektiv müdafiə haqqında 5-ci maddəsini işə salmalıdır. Lakin Amerika Sahibkarlıq İnstitutunun baş elmi işçisi Hezer Konli qeyd edib ki, müqavilədə kiberhücum və ya hibrid təhdid zamanı müttəfiqlərin konkret öhdəlikləri öz əksini tapmayıb.
Daha əvvəl ABŞ kəşfiyyatı hesab edirdi ki, Moskva Ukraynadakı müharibə bitənə qədər NATO ölkələrinə hücum etməyəcək. Bu qiymətləndirmələr 2026-cı ilin əvvəlində Rusiya ordusunun Ukrayna cəbhəsindəki vəziyyəti və ölkə daxilində Putinə edilən qələbə tələbləri fonunda dəyişib.
Bundan əlavə, Amerika və Avropa siyasətçiləri Moskvanın bəzi hərəkətlərini getdikcə daha çox NATO-nun reaksiyasını yoxlamaq cəhdi kimi qiymətləndirirlər. Məqalədə xüsusilə Polşaya düşən Rusiya qanadlı raketləri və Rumıniyadakı pilotsuz uçuş aparatları (PUA) nümunə göstərilir.
Kəşfiyyatın yeni qiymətləndirmələri ABŞ rəsmilərinin ölkədə bəzi kritik döyüş sursatlarının çatışmazlığı ilə bağlı narahatlığını artırıb. WSJ-nin mənbələrinə görə, ABŞ-da bir sıra raketlər və hava hücumundan müdafiə vasitələri, xüsusən də "Patriot", "SM-3" və "THAAD" sistemlərində çatışmazlıq var.
Vaşinqton bu bəyanatları rədd edərək, Donald Trampın "bütün strateji məqsədlərinə çatmaq" üçün döyüş sursatlarının kifayət qədər olduğunu bildirib. Bununla belə, Ağ Evin nümayəndəsi Anna Kelli əlavə edib ki, prezident müdafiə podratçılarını silah istehsalı həcmini artırmağa çağırıb.
Almaz Həsənli





.jpg)














































































