Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilməsi məsələsinə noyabrın 11-də baxıla bilər

Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilməsi məsələsinə noyabrın 11-də baxıla bilər

12:16
Bəyəndim (1) Bəyənmədim (0)

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) səsvermə hüququndan məhrum edilməsi məsələsinə təşkilatın noyabrın 11-də keçiriləcək sammitində baxıla bilər. Oxuməni.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin TASS-a müsahibəsində bildirib.

Onun sözlərinə görə, KTMT-yə üzv dövlətlərə qarşı məhdudlaşdırıcı tədbirlərin görülməsi barədə qərarları Kollektiv Təhlükəsizlik Şurası qəbul edir. Müvafiq səlahiyyətlər təşkilatın nizamnaməsində təsbit olunub.

Rusiya XİN başçısının müavini qeyd edib: "İrəvanın təşkilatın işində iştirakdan imtina etməsi və illik büdcə qərarlarını imzalamaması yalnız ona məxsus hüquqdan istifadə etməməsi deməkdir, lakin bu, Ermənistanın milli üzvlük haqqını vaxtında ödəmək öhdəliklərinə xitam vermir".

Xatırladaq ki, 2024-cü ildə Ermənistan KTMT-dəki fəaliyyətini dondurub. Bu qərarı şərh edən respublikanın baş naziri Nikol Paşinyan bildirib ki, onun fikrincə, "Kollektiv Təhlükəsizlik Müqaviləsi Ermənistana münasibətdə yerinə yetirilməyib". Qeyd edək ki, KTMT-yə Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.

Almaz Həsənli