Misir Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın müdafiə paktına qoşulmayıb
Misir Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın yeni müdafiə ittifaqına qoşulmaq təklifi alıb, lakin hələlik bu birləşmədə iştirakdan imtina edib. Oxumən.az xəbər verir ki, bu barədə Misirin "Mada Masr" nəşri danışıqların gedişindən xəbərdar olan mənbəyə istinadən məlumat yayıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Səudiyyə Ərəbistanına səfəri zamanı Türkiyə, Pakistan və SəudiyyəƏrəbistanı arasında təhlükəsizlik sazişi imzalanıb. Səfər və sazişin imzalanması barədə əvvəlcədən geniş məlumat verilmədiyi bildirilir.
Üç ölkə səfərdən cəmi bir neçə gün əvvəl saziş imzalamaq qərarına gəlib. Türkiyə rəsmiləri Ərdoğanın səfər proqramının vaxtından əvvəl açıqlanmasının razılaşmaların pozulması təhlükəsi yarada biləcəyindən ehtiyat ediblər.
Türkiyə Xarici İşlər Naziri Hakan Fidan bildirib ki, Ankara iki ildir tərəfləri təhlükəsizlik sazişi imzalamağa razı salmağa çalışır. Sənəddə konkret hərbi öhdəliklər tam olaraq açıqlanmasa da, saziş NATO-nun 5-ci maddəsinə bənzər kollektiv müdafiə müddəası ehtiva edir. Bu prinsipə əsasən, bir üzvə qarşı hücum bütün üzvlərə qarşı hücum kimi qəbul edilir.
Son aylar Türkiyə, Pakistan, Misir və SəudiyyəƏrəbistanı xarici işlər nazirləri "Regional Dörd" formatında mütəmadi məsləhətləşmələr aparıblar. Bu əməkdaşlıq İsraildə narahatlıq doğurub. İsrailin keçmiş Baş naziri Naftali Bennett Türkiyəni Səudiyyə Ərəbistanını İsrailə qarşı qızışdırmaqda və nüvə silahına malik Pakistanla birlikdə düşmən bir sünni koalisiyası yaratmaqda ittiham edib.
Misir də Türkiyə və Səudiyyə Ərəbistanı ilə daha sıx regional təhlükəsizlik əməkdaşlığı məsələsində müəyyən ehtiyatlılıq göstərib. Əvvəlcə Ankara üç ölkə formatında deyil, Misirin də daxil olduğu daha geniş iştirakla bir saziş yaratmağı planlaşdırırdı.
Türkiyə Misiri sazişə cəlb etmək üçün əhəmiyyətli səylər göstərib və rəsmi olaraq Qahirəyə ona qoşulmağı təklif edib. Misir, güclü silahlı qüvvələrə malik olaraq, Qəzzada müharibənin dayandırılması danışıqları və Afrikadakı hadisələr də daxil olmaqla bir sıra məsələlərdə Türkiyə, Qatar və Səudiyyə Ərəbistanı ilə yaxın mövqedədir.
Lakin danışıqlar zamanı Misirin sazişə qoşulmağa hazır olmadığı aydın olub. Bundan sonra Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı Misirin iştirakı olmadan müqavilə imzalamaq qərarına gəliblər.
Almaz Həsənli



















































































