Vaşinqtonda Azərbaycan-Ermənistan-ABŞ üçtərəfli görüşü keçirilib

Vaşinqtonda Azərbaycan-Ermənistan-ABŞ üçtərəfli görüşü keçirilib

10:52
Bəyəndim (1) Bəyənmədim (0)

Vaşinqtonda Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov, Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan və ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Elison Huker arasında üçtərəfli görüş keçirilib. Oxuməni az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Görüş tarixi Vaşinqton sammitinin birinci ildönümündə, 8 avqust 2025-ci il tarixində baş tutub və Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesinə həsr olunub”, - deyə məlumatda bildirilir.

Xarici siyasət idarəsindən bildiriblər ki, görüş zamanı diplomatlar “Tramp marşrutu” (TRIPP) təşəbbüsünün cari vəziyyəti və gələcək addımlar barədə fikir mübadiləsi aparıblar. XİN-dən qeyd edilib: “Bu kontekstdə müvafiq razılaşmaların icrası, TRIPP-in potensialının maneəsiz regional əlaqəliliyin, iqtisadi inkişafın və dayanıqlı sülhün təmin edilməsində açılması istiqamətində səylər müzakirə olunub”.

Nazirlikdən vurğulanıb ki, tərəflər, həmçinin Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası üzrə davam edən proses ətrafında fikir mübadiləsi aparıb və əldə olunmuş razılaşmalar əsasında praktiki işin davam etdirilməsinin vacibliyini qeyd ediblər.

“Görüşdə sülh prosesinin dayanıqlı irəliləməsinə töhfə verən etimad quruculuğu tədbirlərinə xüsusi diqqət yetirilib. Tərəflər Vaşinqton sammitinin birinci ildönümündə üçtərəfli görüşün təşkilinə görə Amerika tərəfinə təşəkkürlərini bildirib və götürülmüş öhdəliklərin konkret nəticələrə çevrilməsinin vacibliyini vurğulayıblar”, - deyə məlumatda qeyd olunur.

Almaz Həsənli