Vens Zelenskidən Qazaxıstan neftini daşıyan tankerlərə zərbələri dayandırmağı xahiş edib
Ukrayna, ABŞ-ın vitse-prezidenti Cey Di Vensin Vladimir Zelenskidən Qazaxıstan neftinin daşınması ilə bağlı gəmilərə zərbə endirməməyi xahiş etməsindən sonra Novorossiysk rayonunda neft tankerlərinə hücumları dayandırıb. Oxuməni.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri ukraynalı rəsmilərə və məsələdən xəbərdar olan digər şəxslərə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, müvafiq söhbət iyulun 31-də baş tutub. Vaşinqton Ukraynanın tankerlərə və Qazaxıstan neftinin Rusiya limanı Novorossiyskə çatdırıldığı Xəzər Boru Kəməri Konsorsiumunun (XBK) infrastrukturuna endirdiyi zərbələrdən narahatlığını ifadə edib.
ABŞ-da ehtiyat edirdilər ki, bu cür hücumlar dünya neft bazarında əlavə qeyri-sabitliyə səbəb ola və Amerika şirkətlərinin maraqlarına toxuna bilər. Tramp administrasiyasının nümayəndəsi təsdiqləyib ki, Vaşinqton Kiyevi Qara dənizdə XBK terminalına gedən qeyri-Rusiya gəmilərinə, eləcə də konsorsiumun infrastrukturuna zərbələri dayandırmağa çağırıb.
ABŞ administrasiyası vurğulayıb ki, XBK-ni Qazaxıstan neftinin Avropa bazarlarına çatdırılması üçün vacib kanal və Rusiya enerji daşıyıcılarına alternativ kimi görürlər.
Venslə söhbətdən sonra Ukrayna XBK terminalı yaxınlığındakı tankerlərə artıq zərbə endirməyib. Ukrayna tərəfi, həmçinin, Ukraynanın sanksiyaları altında olmayan və Rusiya neftini və ya Rusiya mənşəli digər yükləri daşımayan qeyri-Rusiya gəmilərinə və konsorsiumun infrastrukturuna hücum etməkdən çəkinməyə razılaşıb.
Ukraynalı yüksək vəzifəli məmur bildirib ki, Kiyev amerikalı tərəfdaşlarının fikirlərinə diqqətlə qulaq asır və razılaşmanın yerinə yetirilməsi üçün müvafiq mexanizmlər hazırlayıb. Onun sözlərinə görə, XBK məsələsi ABŞ və Qazaxıstan hökumətləri ilə dəfələrlə müzakirə olunub.
"Financial Times"-ın məlumatına görə, Kiyevin qərarına ABŞ-dan "Patriot" sistemləri üçün antiballastik raketlərin istehsalına icazə almaq və qışa qədər bir neçə yüz belə raket əldə etmək istəyi də təsir göstərmiş ola bilər. Gözlənilir ki, soyuq dövrdə Rusiya Ukraynanın kritik infrastrukturuna hava zərbələrini gücləndirə bilər.
Almaz Həsənli



















































































