Yaponiya Putinin İturup adasına səfəri ilə bağlı qəti etirazını bildirib
Tokio Rusiya Prezidenti Vladimir Putinin Cənubi Kuril adalarından biri olan İturupa səfəri ilə bağlı Moskvaya qəti etirazını bildirib. Oxuməni.az xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
"Bu gün biz Rusiya Prezidenti Putinin İturup adasına səfəri barədə məlumat aldıq. (...) Yaponiya bu səfərlə bağlı qəti etirazını bildirir", - deyə nazirliyin saytında dərc olunan bəyanatda qeyd olunur.
Məlumatda Yaponiyanın Kuril adalarının dörd adasını özünün "şimal əraziləri" adlandıran mövqeyi vurğulanır.
Daha əvvəl xəbər verilmişdi ki, Rusiya dövlət başçısı Saxalin vilayətinə səfəri çərçivəsində İturup adasındakı "Yasni" balıq emalı zavoduna baş çəkib.
Yaponiya İkinci Dünya müharibəsinin sonundan – adalar Sovet İttifaqı tərəfindən ilhaq edildikdən və yaponlar oradan çıxarıldıqdan sonra Kuril silsiləsinin dörd cənub adasına – İturup, Şikotan, Kunaşir və Xabomai adalarına iddia edir. 1956-cı ildə Moskva və Tokio hərbi əməliyyatların dayandırılması haqqında bəyannamə imzalasa da, sülh müqaviləsi hələ də bağlanmayıb.
2003-cü ilə qədər Yaponiya diplomatiyası rəsmi olaraq adaları "qanunsuz işğal olunmuş", 2012-ci ilə qədər isə "əzəli torpaqlar" adlandırırdı. 2012-ci ildən etibarən hökumət Rusiya ilə kompromisə gəlmək ümidi ilə bu cür ifadələrdən çəkinməyə başlayıb.
Almaz Həsənli



















.jpg)































































