Tramp Cənubi Koreya ilə təlimlərin azaldılması barədə göstəriş verib
ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimlərinin miqyası əhəmiyyətli dərəcədə azaldılacaq. ABŞ prezidenti Donald Tramp bu barədə ABŞ-ın müdafiə naziri Pit Heqsetə göstəriş verib. Oxuməni.az xəbər verir ki, bu barədə Trampın özünün "Truth Social" sosial şəbəkəsində yaydığı məlumatda bildirilir.
Ağ Ev rəhbərinin sözlərinə görə, Şimali Koreya lideri Kim Çen In ilə "çox yaxşı münasibətlərini" nəzərə alaraq, o, ABŞ-ın sözügedən manevrlərdə iştirak etməyə razılaşmasından məmnun deyil. "Bu təlimlər təkcə bahalı deyil, üstəlik xərclərin böyük hissəsini (həmişəki kimi!) ABŞ çəkir. Onlar həm də Donald Tramp prezident olduğu müddətdə heç bir təhdid yaratmayan və hörmətlə davranan bir ölkəyə tamamilə yersiz və düşmən bir siqnal göndərir", - deyə o, KXDR-i nəzərdə tutaraq yazıb.
Eyni zamanda, Tramp Seulun ABŞ və İsrailin İrana qarşı müharibəsində Vaşinqtonu dəstəkləməkdən imtina etdiyini xatırladıb.
AFP agentliyinin xatırlatdığı kimi, ABŞ uzun illərdir ki, 28 500 amerikalı hərbçinin yerləşdirildiyi Cənubi Koreyanın ən mühüm müttəfiqidir. Rəsmi məlumatlara görə, avqustun 17-də başlaması planlaşdırılan "Ulchi Freedom Shield" adlı 11 günlük hərbi təlimlərin əsas məqsədi Şimali Koreya tərəfindən mümkün hücuma hazırlıqdır.
Almaz Həsənli

















































.jpg)
.jpg-1.jpg)

































