Rusiya Ermənistandan məhsul idxalına qoyulan qadağanın götürülməsi üçün şərtlərini açıqlayıb

Rusiya Ermənistandan məhsul idxalına qoyulan qadağanın götürülməsi üçün şərtlərini açıqlayıb

12:17
Bəyəndim (1) Bəyənmədim (0)

"Rosselxoznadzor" İrəvanın sanitariya yoxlamaları haqqında hesabat və Avrasiya İqtisadi İttifaqının (Aİİ) tələblərinə riayət olunması ilə bağlı plan təqdim edəcəyi təqdirdə, Ermənistandan kənd təsərrüfatı məhsullarının idxalına qoyulan məhdudiyyətlərə yenidən baxmağa hazırdır.

Oxuməni.az xəbər verir ki, bu barədə "İzvestiya" nəşri "Rosselxoznadzor"a istinadən məlumat yayıb.

İdxal qadağası erməni fermerlər üçün ciddi zərbə olub — ölkədən ixrac olunan tərəvəz və meyvələrin 98%-ə qədəri Rusiyaya göndərilir.

"Rosselxoznadzor" erməni tərəfindən araşdırmanın nəticələrini və görülən tədbirlər barədə məlumatı, habelə Aİİ-nin baytarlıq və fitosanitar tələblərinə riayət olunması üçün erməni tərəfinin təklif etdiyi fəaliyyət alqoritmini gözləyir", - deyə qurum "İzvestiya"ya bildirib.

"Rosselxoznadzor"da dəqiqləşdiriblər ki, hazırda söhbət məhdudiyyətlərin dərhal ləğvindən deyil, şərtlər yerinə yetirildikdən sonra onlara yenidən baxılmağa hazır olmaqdan gedir. Ermənistan tərəfi vəziyyəti düzəltmək üçün aydın bir plan təqdim etməlidir.

Ermənistan tərəvəz və meyvələrinin idxalına qoyulan məhdudiyyətlər tədarüklərdə sanitariya pozuntuları aşkar edildikdən sonra tətbiq olunub. Erməni fermerlər qadağanın götürülməsini tələb edirlər, çünki Rusiya bazarı onlar üçün kritik əhəmiyyət kəsb edir — Aİ-yə alternativ ixrac 80 dəfə az gəlir gətirir.

2026-cı ilin yanvar-may aylarında idxal məhdudiyyətlərinin tətbiqi və Ermənistanın Aİ-yə daxil olmaq niyyəti fonunda Ermənistan ilə Rusiya arasında ticarət dövriyyəsi 21,5% azalıb. Bu dövr ərzində ölkələr arasında ticarət dövriyyəsi 2,196 milyard dollar təşkil edib. Rusiya ilə ticarətin azalmasına baxmayaraq, ölkələr arasında ticarət dövriyyəsi hələ də Ermənistanın ümumi ticarətinin 28%-ni təşkil edir. Ötən ilin müvafiq dövründə ölkələr arasında ticarət dövriyyəsi 2,763 milyard dollar olub.

Rusiya Prezidenti Vladimir Putin Ermənistanı ölkənin Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvləri ilə gələcək qarşılıqlı fəaliyyəti üçün öz mövqeyini müəyyən etməyə çağırıb. Putinin sözlərinə görə, Ermənistanda qəbul edilmiş və ölkənin Avropa Birliyinə inteqrasiya prosesinin başlanğıcını elan edən sənəd xüsusi narahatlıq doğurur.

Almaz Həsənli