ABŞ Hörmüz boğazında milyonlarla barel neftin daşındığı gizli marşrut yaradıb
ABŞ hərbçiləri Hörmüz boğazında hər gün milyonlarla barel neftin daşındığı gizli gəmiçilik dəhlizi yaradıblar. Oxuməni.az xəbər verir ki, bu barədə "Axios" nəşri iki amerikalı rəsmiyə istinadən məlumat yayıb.
Dəhliz artıq bir neçə həftədir ki, fəaliyyət göstərir. Onun sayəsində hər gecə 15-20 tanker Oman sahili boyunca cənub marşrutu ilə boğazdan keçərək daxil olur və çıxır.
Nəşrin həmsöhbətlərinin sözlərinə görə, dəhliz vasitəsilə hər gün təxminən 10 milyon barel neft daşınır ki, bu da ABŞ-ın İranla müharibəsi başlamazdan əvvəlki həcmin təxminən yarısıdır. Mənbələr bildirirlər ki, boğazdan keçən neftin həcmi müharibədən əvvəlki səviyyədən hələ də aşağı olsa da, bu, dünya tədarükünə nəzərəçarpacaq dərəcədə təsir göstərir.
"Biz iki aydır ki, Hörmüz boğazının cənub hissəsinə nəzarət edirik. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) maneə ola bilər, lakin onlar boğaza nəzarət etmirlər", - deyə "Axios"-un həmsöhbətlərindən biri bildirib.
Nəşrin məlumatına görə, Hörmüz boğazındakı əməliyyata nəzarət edən operativ qrup Şimali Karolinada yerləşir. Qrup öz fəaliyyətini ABŞ-ın Fars körfəzindəki regional tərəfdaşları ilə əlaqələndirir. Hər gün Fars körfəzindən Hörmüz boğazı vasitəsilə çıxan gəmilərin, habelə neft götürmək üçün Ərəb dənizindən boğaz vasitəsilə Fars körfəzi ölkələrinin limanlarına gedən boş tankerlərin siyahısı tərtib edilir. Gəmilər müəyyən müddət ərzində Amerika qırıcılarının mühafizəsi altında bir karvan halında hərəkət edirlər.
Almaz Həsənli



















































































