Latviyada Milrem Robotics yanğınında üç şübhəli həbs edildi

Latviyada Milrem Robotics yanğınında üç şübhəli həbs edildi

12:18
Bəyəndim (1) Bəyənmədim (0)

Latviya polisi Estoniya müdafiə şirkətinin Milrem Robotics binasının qəsdən yandırılmasını təşkil etməkdə şübhəli bilinən üç nəfəri həbs edib.
Oxuməni.az xəbər verir ki, bu barədə Latviya Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb. Yanğın 15 avqust gecəsi baş verib. Növbəti gün hüquq-mühafizə orqanları cinayət işi açıb. İki Latviya vətəndaşı 17 avqustda, digəri isə 18 avqustda saxlanılıb. Məhkəmə qərarı ilə onların hər üçü həbsdə qalacaq.

İstintaq çərçivəsində Dövlət Təhlükəsizlik Xidməti şübhəlilərlə əlaqəli yeddi yerdə axtarış aparıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları yanğında istifadə edilə biləcək xeyli miqdarda məlumat saxlama cihazı və əşyalar müsadirə ediblər. Hazırda onların tərkibi təhlil edilir. İstintaq başqa bir dövlətə qarşı fəaliyyətlərdə "xarici dövlətə yardım göstərmək" maddəsi ilə davam edir. Təqsirləndirilən şəxslər həmçinin yanğınla əmlaka qəsdən ziyan vurmaqda və ya məhv etməkdə ittiham olunurlar.

Latviya hüquq-mühafizə orqanları Estoniya hakimiyyəti ilə sıx əməkdaşlıq edir. Dövlət Təhlükəsizlik Xidməti istintaqın təfərrüatlarını "ən qısa müddətdə" açıqlayacaqlarını bildirib.

Əziz Mustafa