Pakistanda yanğın nəticəsində 15 yeni doğulmuş körpə ölüb

Pakistanda yanğın nəticəsində 15 yeni doğulmuş körpə ölüb

15:05
Bəyəndim (0) Bəyənmədim (0)

İslamabadda böyük dövlət xəstəxanasının doğum şöbəsində çərşənbə günü səhər tezdən baş verən yanğın nəticəsində ən azı 15 yeni doğulmuş körpə həyatını itirib. Oxuməni. az xəbər verir ki, bu barədə Geo telekanalı xilasetmə xidmətlərindəki mənbələrə istinadən məlumat yayıb.

Rayon administrasiyasının məlumatına görə, yanğın Pakistan Tibb Elmləri İnstitutunun (PIMS) xəstəxanasında ana və uşaqların sağlamlığının mühafizəsi şöbəsinin üçüncü mərtəbəsində baş verib.

Xilasetmə xidmətlərinin əməkdaşları bildiriblər ki, yanğın yerli vaxtla saat 06:45-də ginekologiya şöbəsində yerləşən yeni doğulmuş körpələr palatasında kondisionerin kompressorunun partlamasından sonra başlayıb.

İslamabadın baş komissarı Sohail Əşrəf X-də bildirib ki, xilasetmə qrupları, mütəxəssislər, polis və özü «dərhal hadisə yerinə gəlib və yanğını nəzarətə götürüblər». Məlumata görə, ən azı bir körpəni xilas etmək mümkün olub.

Baş nazir Şahbaz Şərif həlak olanların yaxınlarına dərin hüznlə başsağlığı verib və dərhal araşdırmaya başlanılması barədə göstəriş verib. Onun ofisinin yaydığı bəyanatda «belə şəraitdə uşaqların itirilməsi əvəzolunmaz itkidir» deyilir.

Şərif həmçinin «günahsız uşaqların ailələrinə səmimi başsağlığı» verib və bu faciənin onu «dərindən kədərləndirdiyini» bildirib.

Polis açıqlayıb ki, yanğında həlak olan yeni doğulmuş körpələr güclü yanıq xəsarətləri alıblar. Buna görə də meyitlərin ailələrə təhvil verilməsindən əvvəl onların şəxsiyyətinin müəyyənləşdirilməsi üçün DNT ekspertizası aparılmalıdır. Bu açıqlama valideynlərin uşaqlarının meyitlərinin dərhal onlara təhvil verilməsini tələb etməsindən sonra verilib.

Pakistanda iri binalarda yanğınlar tez-tez baş verir. Buna adətən təhlükəsizlik qanunvericiliyinin və tikinti normalarının təkmil olmaması, eləcə də onların lazımi qaydada tətbiq edilməməsi səbəb olur.

Almaz Həsənli