Paşinyan Rusiyanı Ermənistanın strateji tərəfdaşı hesab etməmək üçün əsasların olduğunu bəyan edib

Paşinyan Rusiyanı Ermənistanın strateji tərəfdaşı hesab etməmək üçün əsasların olduğunu bəyan edib

14:05
Bəyəndim (1) Bəyənmədim (0)

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanı respublikanın strateji tərəfdaşı hesab etməmək üçün əsasların olduğunu bildirib. Oxuməni. az-ın "İnterfaks"-a istinadən verdiyi məlumata görə, Paşinyan jurnalistlər üçün keçirilən brifinqdə hökumətin proqramında Rusiya Federasiyasının Ermənistanın strateji tərəfdaşı olduğunun niyə qeyd edilməməsi ilə bağlı sualı cavablandırarkən belə deyib.

"2022-ci ilin sentyabr hadisələrindən sonra strateji tərəfdaşlığın olduğunu söyləmək... bu, strateji tərəfdaşlıq demək olmalıdır... Əgər indi (hökumətin 2026-2031-ci illər üzrə proqramında - red.) strateji tərəfdaşlıq yazsaq, siz soruşacaqsınız ki, niyə Rusiya və KTMT 2022-ci ilin sentyabrında təhlükəsizlik sahəsindəki öhdəliklərini yerinə yetirməyib. Mən sizə nə cavab verməliyəm?", - deyə Paşinyan bildirib.

Respublika hökumətinin 2026-2031-ci illər üzrə proqramında qeyd olunur ki, "Rusiya Federasiyası ilə qarşılıqlı faydalı və çoxşaxəli əməkdaşlığa yönəlmiş dialoq regionda sülhün bərqərar olması, balanslaşdırılmış xarici siyasət, münasibətlərin inkişafı və dərinləşdirilməsi kimi yeni şəraitdə münasibətlərin transformasiyası istiqamətində davam etdiriləcək".

Proqramı parlamentdə təqdim edən Paşinyan bildirib ki, Ermənistan və Rusiya arasındakı münasibətlərdə transformasiya təbii bir prosesdir, çünki Ermənistan və Azərbaycan arasında sülh bərqərar olub. Onun sözlərinə görə, Rusiya ilə münasibətlər iki əsr ərzində Rusiya Federasiyasının erməni xalqının təhlükəsizliyinin qarantı olması anlayışı üzərində qurulub. "Mən Rusiyanın bu funksiyaları yerinə yetirməkdə sadiqliyinə şübhə etmirdim, lakin 2021, 2022 və 2023-cü ilin hadisələri göstərdi ki, Rusiya öz təhlükəsizlik problemlərindən irəli gələrək, bu funksiyanın yerinə yetirilməsində məhdudiyyətlərə malik ola bilər", - deyə Ermənistanın baş naziri bəyan edib.

Almaz Həsənli