Rusiya Ermənistan dəmir yolunun Türkiyə və Azərbaycan sərhədlərinə qədər bərpasını müzakirə etməyə hazırdır
Rusiya Ermənistanda Türkiyə və Azərbaycan sərhədlərinə gedən dəmir yolu sahələrinin bərpası ilə bağlı təfərrüatları müzakirə etməyə hazır olduğunu bildirib. Oxuməni.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İctimai Televiziyaya müsahibəsində bildirib.
"Düz iki-üç gün əvvəl mən onlardan [Rusiya nümayəndələrindən] siqnallar aldım ki, onlar nüansları: kimin və nə qədər investisiya qoymalı olduğunu və s. anlamağa və müzakirə etməyə hazırdırlar", - deyə nazir qeyd edib.
Bununla yanaşı, Mirzoyan vurğulayıb ki, çox şey layihənin həyata keçirilməsi şərtlərindən asılı olacaq. Onun sözlərinə görə, məsələyə hələ aidiyyəti qurumlar tərəfindən baxılmalıdır.
Xatırladaq ki, 2008-ci ilin fevralında Ermənistanın dəmir yolu infrastrukturu 30 il müddətinə, daha on il uzadılmaq hüququ ilə "Cənubi Qafqaz Dəmir Yolları"nın (CQDY) konsessiya idarəçiliyinə verilib.
Ermənistanın dəmir yollarının idarə olunması ilə bağlı mövcud Rusiya konsessiyasına yenidən baxılması mövzusu Azərbaycan və Türkiyə ilə sərhədlərdəki dəmir yolu sahələrinin bərpası planları fonunda ortaya çıxıb. May ayında baş nazir Nikol Paşinyan bildirib ki, hökumət onların yenidən qurulmasını Ermənistanın hesabına həyata keçirməyə hazırdır.
Almaz Həsənli



















































































