Tim Kuk 15 ildən sonra Apple şirkətinin baş direktoru vəzifəsini tərk edib

Tim Kuk 15 ildən sonra Apple şirkətinin baş direktoru vəzifəsini tərk edib

13:22
Bəyəndim (1) Bəyənmədim (0)

Apple şirkətinin baş direktoru Tim Kuk sentyabrın 1-də vəzifəsini tərk edib. Onu Apple şirkətinin veteranı, keçmiş aparat təminatının hazırlanması üzrə vitse-prezidenti Con Patrik Ternus əvəz edib.

Oxuməni az xəbər verir ki, bu barədə RBC yazıb.

Apple şirkəti Ternusun təyinatını aprel ayında açıqlamışdı. O, 2001-ci ildən şirkətdə çalışır, sıravi mühəndisdən top-menecer vəzifəsinə qədər yüksəlib və hazırda şirkətin bütün aparat təminatı istiqamətinə rəhbərlik edir.

Bununla yanaşı, Kuk direktorlar şurasının icraçı sədri olacaq. Şirkətin məlumatına görə, o, «şirkətin fəaliyyətinin müəyyən aspektləri, o cümlədən bütün dünyada siyasətçilərlə qarşılıqlı əlaqələr» üzrə yardım göstərəcək.

Kuk 2011-ci il avqustun 24-də Stiv Cobsun səhhəti ilə əlaqədar (mədəaltı vəz xərçəngi) istefa verməsindən sonra Apple şirkətinin baş direktoru vəzifəsində onu əvəz edib. Kukun rəhbərliyi dövründə korporasiya dünyanın ən bahalı şirkətlərindən birinə çevrilib və bazar kapitallaşmasını 350 milyard dollardan (2001-ci ildə) 4 trilyon dollardan çoxa yüksəldib. İyul ayında səhmlərin ucuzlaşmasından qısa müddət əvvəl Apple-ın kapitallaşması tarixdə ilk dəfə 5 trilyon dolları ötüb və şirkət birjada ən dəyərli şirkətlər siyahısında birinci yerə yüksəlib.

2009-cu ildə Cobs mədəaltı vəz xərçənginin yaratdığı ağırlaşmalar səbəbindən işdən müvəqqəti uzaqlaşmaq məcburiyyətində qalanda Kuk şirkətə müvəqqəti rəhbərlik edib. Kuk Cobsun ölümündən bir neçə ay əvvəl rəsmi olaraq Apple şirkətinin yeni baş direktoru olub.

Onun rəhbərliyi dövründə yeni məhsul kateqoriyaları meydana çıxıb. 2015-ci ildə Apple Apple Watch ağıllı saatını təqdim edib. Həmin il ilk nəsil iPad Pro da satışa çıxarılıb və planşetlər arasında inqilabi cihaz hesab olunub.

Bir il sonra şirkət AirPods-u təqdim edib və simsiz qulaqlıqları kütləvi istehlak məhsuluna çevirib. Həmçinin Apple iPhone 7-də qulaqlıqlar üçün ənənəvi 3,5 millimetrlik audio girişindən imtina etmək qərarına gəlib. Bu qərar yeni komponentlər üçün əlavə yerin yaradılması və simsiz texnologiyaların inkişafı ilə izah olunub. iPhone 7-nin komplektinə artıq Lightning konnektorlu naqilli EarPods qulaqlıqları daxil edilirdi.

2017-ci ilin sentyabrında Apple «Home» düyməsi olmayan iPhone X-i təqdim edib. Onu Face ID identifikasiya sistemi əvəz edib, ilk kənardan-kənara Liquid Retina displeyi isə cihazı jestlərlə idarə etməyə imkan verib.

2021-ci ildə AirTag ağıllı nişanı təqdim olunub. Onun dəqiq yerləşmə mövqeyini müəyyən etmək üçün yaxınlıqda başqa bir Apple istifadəçisinin olması tələb olunur.

Kukun rəhbərliyi dövründə Apple-ın təqdim etdiyi son məhsul 2026-cı ilin martında nümayiş etdirilən büdcəli MacBook Neo olub. Qurğu A18 Pro mobil çipi ilə işləyir, çəkisi 1,2 kiloqramdır və batareyanın enerjisi 16 saata qədər davam edir. Kupertinoda artıq növbəti nəsil münasib qiymətli noutbukun hazırlanmasına başlanılıb.

«Kuk dövründə» şirkət həmçinin Intel-dən asılılığından imtina edərək Mac kompüterləri üçün Apple Silicon platformasında öz prosessorlarını hazırlamağa başlayıb. WSJ-nin məlumatına görə, son vaxtlar Apple yaddaş çiplərinin qıtlığı və qiymətlərin artması fonunda Çinin CXMT şirkətini əlavə yaddaş təchizatçısı kimi nəzərdən keçirir. Lakin qəzetin qeyd etdiyi kimi, belə əməkdaşlıq ABŞ daxilində Amerika korporasiyası üçün siyasi risklər yarada bilər.

Bununla yanaşı, Apple 2024-cü ilin fevral ayının sonunda — on il davam edən hazırlıqdan sonra — Project Titan kimi tanınan elektrik və pilotsuz avtomobillərin yaradılması proqramından imtina edib. Bloomberg-in qiymətləndirməsinə görə, layihənin yekun məhsulunun buraxılmasına hələ bir neçə il qalırdı. Korporasiya üçün əsas problem Apple-ın 2017-ci ildən yollarda sınaqdan keçirdiyi avtopilot sisteminin hazırlanması və tətbiqi olub.

Almaz Həsənli