Rusiya İrana gizli şəkildə səsdən sürətli qanadlı raketlər hazırlamaqda kömək edib

Rusiya İrana gizli şəkildə səsdən sürətli qanadlı raketlər hazırlamaqda kömək edib

11:51
Bəyəndim (1) Bəyənmədim (0)

Rusiya "C430L" kod adlı gizli proqram çərçivəsində 2023-cü ildən etibarən İrana müasir səsdən sürətli (supersonik) qanadlı raketlər hazırlamaqda kömək edib. Oxuməni.az xəbər verir ki, bu barədə "Financial Times" (FT) məlumat yayıb.

FT-nin Rusiyadan sızan yazışmalara, səyahət məlumatlarına və hərbi patentlərin təhlilinə əsaslanan araşdırmasına görə, proqram ABŞ və İsrailin İranla müharibəsi başladıqdan sonra belə davam edib.

Jurnalistlər "C430L" proqramının əsas vəzifəsinin İrana qanadlı raketin səs sürətindən bir neçə dəfə yüksək sürətlə uçmasını təmin edən birbaşa axınlı reaktiv mühərrikin (ramjet) hazırlanmasında kömək etmək olduğunu bildirirlər.

Rusiya tərəfindən proqramı "Rosoboronexport" təşkil edib və layihəni "NPO Maşinostroyeniya" ilə koordinasiya edib. "C430L" çərçivəsində hazırlıq işlərinə Rusiyanın aparıcı raket mühəndisliyi mütəxəssisləri cəlb olunub.

Raket silahları üzrə ekspertlərin fikrincə, hazırlanan texnologiyalar gəmi əleyhinə və yerüstü hədəfləri vurmaq üçün nəzərdə tutulan raketlər üçün nəzərdə tutulub. Britaniyanın "Conflict Armament Research" təşkilatının baş analitiki Fabian Hinz bildirib: "Söhbət Rusiyanın iranlıların onilliklər boyu əldə etməyə çalışdıqları, hərbi baxımdan son dərəcə həssas olan texnologiyanı ötürməsindən gedir. Bu səviyyədə bir proqram Rusiyada ən yüksək səviyyədə siyasi təsdiq tələb edərdi".

FT-nin məlumatına görə, İran artıq birbaşa axınlı reaktiv mühərriki inşa edib və uçuş sınaqları keçirib, lakin Rusiyanın köməyi ilə yaradılan səsdən sürətli qanadlı raketin silahlanmaya qəbul edildiyinə dair hələlik heç bir sübut yoxdur.

Almaz Həsənli