
Polşa sahillərində böyük neft və qaz yatağı kəşf edilib
Kanadanın enerji şirkəti “Central European Petroleum” (CEP) Baltik dənizində Volin adası yaxınlığında Polşa tarixində ən böyük neft və qaz yatağının kəşf edildiyini açıqlayıb. Onun ehtiyatları 22 milyon ton neft və 5 milyard kubmetr qaza çata bilər.
"Wolin East yatağında neft və kondensat şəklində 22 milyon ton çıxarıla bilən karbohidrogenlər və kommersiya həcmində 5 milyard kubmetr qaz olduğu təxmin edilir", - CEP-in press-relizində deyilir.
"Yuxarıdakı qiymətləndirməyə əsasən, “ Wolin East” neft-qaz yatağı Polşada bu günə qədər aşkar edilmiş ən böyük şərti karbohidrogen yatağı və son on ildə Avropada kəşf edilmiş ən böyük şərti neft yataqlarından birini təmsil edir", - şirkətdən bildiriblər.
“WE1” quyusu qazma qurğusu vasitəsilə dənizin 9,5 metr dərinliyində qazılıb və şaquli dərinliyi 2715 metrə çatıb.
“Bu, həm Mərkəzi Avropa Neft, həm də Polşanın enerji sektoru üçün tarixi bir məqamdır və biz bu kəşfi Polşanın dəniz resurslarının uzunmüddətli və məsuliyyətli inkişafı üçün təməl kimi görürük”, - CEP-in baş direktoru Rolf G. Skaar bildirib. “Wolin East sadəcə perspektivli yataq deyil, Baltik dənizinin tam geoloji və enerji potensialını açmaq üçün birgə imkandır”.
Şirkət indi istehsala başlamaq üçün tərəfdaşlar axtarır. Baş direktorunun sözlərinə görə, CEP həm Polşa, həm də beynəlxalq kəşfiyyat və hasilat şirkətləri ilə əməkdaşlıqdan məmnundur.
Kanadanın enerji şirkəti “Central European Petroleum” Avropa İttifaqında neft axtarışı üçün yaradılıb və ilkin olaraq Almaniyaya yönəlib.
Almaz Həsənli