
Türkiyə Qars-Naxçıvan dəmir yolu layihəsi üçün 2,4 milyard avro cəlb edib
Türkiyə ölkəni Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək strateji dəmir yolu layihəsinin həyata keçirilməsi üçün 2,4 milyard avro xarici maliyyə vəsaiti əldə edib.
“TRT Haber” dövlət agentliyinin verdiyi məlumata görə, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib ki, bu vəsait Qars-İğdır-Aralık-Dilucu xəttinin tikintisinə sərf olunacaq. Layihə Türkiyənin şərq bölgələrinin Asiya ilə nəqliyyat əlaqəsini gücləndirmək üçün nəzərdə tutulub.
“Belə əhəmiyyətli beynəlxalq maliyyənin cəlb edilməsi Türkiyənin iqtisadi proqramına inamın bariz göstəricisidir”, - deyə Uraloğlu “TRT Haber” telekanalına müsahibəsində vurğulayıb.
Nazir əlavə edib ki, rəhbərlik etdiyi idarə ölkənin logistik potensialının gücləndirilməsinə və qlobal səviyyədə rəqabət qabiliyyətinin artırılmasına yönəlmiş irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsini davam etdirəcək.
“TRT Haber”in məlumatına görə, Qars-Naxçıvan dəmir yolu layihəsi Ankaranın Cənubi Qafqaz və Mərkəzi Asiyada nəqliyyat dəhlizlərinin inkişafı üzrə daha geniş strategiyasının bir hissəsi kimi qiymətləndirilir.
Almaz Həsənli