
Ukrayna ilk dəfə olaraq Azərbaycan qazını yeni marşrutla alacaq
Ukraynanın "NAK Naftogaz" şirkəti Azərbaycan qazının Trans-Balkan dəhlizi ilə nəqlinə razılıq verib. Bu barədə Qrupun Direktorlar Şurasının rəhbəri Sergey Koretski öz “Facebook” səhifəsində məlumat verib.
Onun sözlərinə görə, Ukrayna ilk dəfə Trans-Balkan dəhlizi ilə Azərbaycan qazını idxal edəcək.
"Qaz alqı-satqısı üzrə ilk müqavilə SOCAR Group şirkəti - "SOCAR Energy Ukraine" ilə bağlanıb. Sınaq tədarükü Bolqarıstan-Rumıniya-Ukrayna sərhədi marşrutu ilə həyata keçirilir", - "Naftoqaz"ın rəhbəri qeyd edib.
Sınaq qaz tədarükü haqqında danışan Koretski əlavə edib ki, bu, “uzunmüddətli əməkdaşlığa yol açan kiçik, lakin mühüm addım, eləcə də təchizat mənbələrinin şaxələndirilməsi və Ukraynanın enerji təhlükəsizliyinin gücləndirilməsinin daha bir nümunəsidir”.
Trans-Balkan qaz kəmərinin birinci xətti hələ 1986-cı ildə SSRİ dövründə tikilib. İkinci xətt 2002-ci ildə çəkilib. O, özünü Dnestryanı adlandıran dövlətin, həmçinin Rumıniya, Bolqarıstan və Türkiyənin ərazisindən çəkilib. Açıq mənbələrə görə, qaz kəməri Rusiya qazının Balkanlara çatdırılması üçün istifadə edilib.
2019-cu ildə Trans-Balkan qaz kəməri infrastrukturunun bir hissəsi (Türkiyə və Bolqarıstanda) Balkan axını qaz kəmərinə daxil edilib. 2021-ci ildən qaz kəmərinin qalan hissəsi (Rumıniyada) Rusiya qazının “Türk axını” qaz kəmərindən Macarıstana əks tədarükünü həyata keçirir (BRUA qaz kəməri infrastrukturundan istifadə etməklə). 2025-ci il may ayının sonunda Enerji və Kommunal Təsərrüfatların Dövlət Tənzimlənməsi üzrə Milli Komissiya Trans-Balkan qaz kəməri ilə Ukraynaya qaz idxalını sadələşdirən qərar qəbul etdi.
Almaz Həsənli