
Bu gün Azərbaycan manatı öz ad gününü qeyd edir
1992-ci il avqustun 15-də Azərbaycanda milli valyuta dövriyyəyə buraxılıb. Azərbaycan manatının artıq 33 yaşı tamam olur.
1992-ci ilin avqustunda nominal dəyəri 1, 10 və 250 manat, noyabrın 5-də 10, 20 və 50 qəpik, dekabrda 5 manat, 1993-cü ilin martında 50, 100, 500 və 1000 manat olan pul vahidləri dövriyyəyə buraxılmışdır.
Azərbaycan Respublikasının ilk pul emissiyası Fransa Mərkəzi Bankı tərəfindən çap edilib.
1992-ci ildə çap olunmuş 1, 10 və 250 manatlıq kağız pullar sadə dizaynda olub, üz tərəfində “Qız qalası”, arxa tərəfində “Azərbaycan Milli Bankı” sözləri çap olunmuş, milli ornamentlə haşiyələnmişdir.
2006-cı ildə Prezident İlham Əliyevin denominasiya haqqında fərmanı ilə ölkə yeni manata (AZN) keçib. 1 AZN 5000 köhnəyə bərabər oldu.
2007-ci il yanvarın 1-dək ölkədə yeni və köhnə manatlar birgə tədavüldə olub. Bundan sonra yeni manat ölkədə dövriyyədə olan yeganə pul vahidi olaraq qalıb və bu günə kimi də qalmaqdadır.
Ölkədə pul dövriyyəsinin yaradılmasının və təşkilinin əsası Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 11 fevral tarixli “Azərbaycan Mərkəzi Bankının yaradılması haqqında” fərmanı ilə Milli Bankın yaradılması və Prezidentin 15 iyul 1992-ci il tarixli fərmanı ilə milli valyutanın dövriyyəyə buraxılması ilə qoyulmuşdur.
Oxuməni.az