Paramount Netflix-dən daha çox ödəyərək Warner Bros.-u almağı təklif edib

Paramount Netflix-dən daha çox ödəyərək Warner Bros.-u almağı təklif edib

Bəyəndim (2) Bəyənmədim (0)

Paramount Skydance, Warner Bros. Discovery-ni 108 milyard dollara almaq təklifi ilə çıxış edib. Bir neçə gün əvvəl Netflix, Warner Bros.-u 82,7 milyard dollara almaq barədə razılığa gəldiyini elan etmişdi.

“The Guardian” qeyd edir ki, Netflix, CNN və Discovery kimi kabel telekanallarını əhatə edən Warner Bros.-un ənənəvi televiziya aktivlərini almaqdan imtina edib. Paramount isə bütün şirkəti almağı təklif edir.

Warner Bros. səhmdarlarına ünvanladığı məktubda şirkət bu təklifin qəbul edilməsinin səhmdarlar üçün əhəmiyyətli dərəcədə daha böyük fayda gətirəcəyini bildirib. Paramount-un fikrincə, bu sövdələşmə tənzimləyici orqanların nəzarətindən keçmə ehtimalı daha yüksəkdir.

Warner Bros. Discovery-nin Direktorlar Şurası Paramount-un təklifini nəzərdən keçirəcəyini bildirib.

Paramount-un təklifində ABŞ prezidenti Donald Trampın kürəkəni Cared Kuşner tərəfindən təsis edilmiş “Affinity Partners” şirkəti investorlardan biri kimi iştirak edir. Bundan əlavə, Paramount-un rəhbəri Devid Ellisonun atası, milyarder Larri Ellisonun Ağ Evlə sıx əlaqələri var. “The Guardian”-ın məlumatına görə, Ellison hətta Trampın köməkçisi ilə CNN-də görmək istədiyi dəyişikliklər barədə danışıb, çünki Amerika prezidenti uzun müddətdir ki, telekanalı tənqid edir.

Trampın özü Netflix və Warner Bros. arasındakı sövdələşmə ilə bağlı qərar qəbulunda iştirak etmək niyyətində olduğunu bildirib. Onun sözlərinə görə, bu "problem yarada bilər", çünki Netflix onsuz da çox böyük bazar payına malikdir.

Sövdələşmənin bağlanmasından əvvəl ABŞ Ədliyyə Nazirliyi onu mübahisələndirməli olub-olmadığını müəyyən etmək üçün araşdırma aparmalıdır. “The Wall Street Journal” qəzetinin yazdığına görə, departamentdə bəziləri Netflix-in Warner Bros.-a daxil olan HBO Max striminq xidmətini əldə etməsinin birləşmiş şirkətin miqyası səbəbindən antiinhisar qanunvericiliyini pozacağını düşünür. Netflix və HBO Max birlikdə ABŞ-da striminq xidmətləri bazarının təxminən 30 faizini idarə edəcəklər.

Almaz Həsənli