“Netflix”-in həmtəsisçisi 30 ilə yaxın fəaliyyətdən sonra iyun ayında istefaya gedəcək
“Netflix”-in Direktorlar Şurasının sədri və həmtəsisçisi Rid Hastinqs şirkətə 29 il rəhbərlik etdikdən sonra istefaya gedəcək. Oxuməni.az “Bloomberg”-in məlumatına istinadla xəbər verir ki, bu, iyun ayında keçiriləcək illik səhmdarlar yığıncağında baş tutacaq.
Şirkətdə top-menecerin istefası “Warner Bros. Discovery Inc.”-in alınması ilə bağlı uğursuz sövdələşmə ilə əlaqələndirilmir. İnvestorlarla konfrans zamanı verilən suala cavab verən baş icraçı direktor Ted Sarandos "baş verənlərdə saray intriqaları axtarmamağı" tövsiyə edib.
“Bloomberg”-in qeyd etdiyi kimi, uğursuz sövdələşmə şirkətin maliyyə vəziyyətinə təsir göstərib. Səhmləri “Paramount Skydance Corp.” ilə aylarla davam edən mübarizə zamanı düşüb, çünki investorlar potensial sövdələşmə halında “Netflix”-in üzərinə düşəcək borcun həcmindən narahat idilər. İkinci rübün nəticələrinə görə, “Netflix”-in gəliri 12,57 milyard dollar təşkil edəcək ki, bu da gözlənilən 12,64 milyard dollardan azdır.
“Netflix” rəhbərliyi şirkətin gələcəyinə əmindir və bu ayın sonunda video axtarışının şaquli lentini ehtiva edən yenilənmiş mobil versiyasını buraxmağı planlaşdırır. Filmlər və seriallardan əlavə, “Netflix” video oyunlara və podkastlara sərmayə qoymağı planlaşdırır.
Fevral ayında “Netflix”, “Paramount Skydance”-in qiymət təklifi ilə rəqabət aparmaq mümkün olmadığı üçün “Warner Bros. Discovery” studiyasının alınmasından imtina edib.
Almaz Həsənli




















































































