Ermənistan Azərbaycan vasitəsilə və Azərbaycandan idxal həcmləri barədə məlumat yayıb
Ermənistanın Dövlət Gəlirləri Komitəsinin Gömrük Xidməti və İqtisadiyyat Nazirliyi 2025-ci ilin noyabrından 2026-cı ilin 15 aprelinə qədər Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya və Qazaxıstandan gətirilən malların həcmi barədə məlumat yayıb. Həmçinin Gürcüstan ərazisindən keçməklə Azərbaycandan Ermənistana idxal göstəriciləri də dərc olunub.
Oxuməni.az xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb.
"Armenpress"-in sorğusuna cavab olaraq Ermənistan Respublikasının Dövlət Gəlirləri Komitəsi və İqtisadiyyat Nazirliyi bildiriblər ki, Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya və Qazaxıstandan 26 295 ton mal, eləcə də Azərbaycandan 9 337 ton yanacaq idxal edilib. Qeyd olunub ki, regional əməkdaşlıq və sülhün nəticələri artıq hiss olunur, iqtisadi inkişaf üçün yeni imkanlar formalaşdırır.
Gömrük Xidmətinin məlumatına görə, ilk dəfə olaraq Azərbaycan ərazisindən dəmir yolu ilə tranzit olaraq mallar 2025-ci il noyabrın 6-da daxil olub.
"Rusiyadan və Qazaxıstandan 24 865 ton buğda, 1 362 ton gübrə və 68 ton qarabaşaq idxal edilib. Azərbaycandan Ermənistana Gürcüstan ərazisindən dəmir yolu ilə 2025-ci ilin dekabrından 2026-cı ilin 15 aprelinə qədər ümumi gömrük dəyəri 7,2 milyon ABŞ dolları olan 9 337 ton Azərbaycan mənşəli yanacaq idxal olunub və qeydiyyata alınıb. Bunlardan 5 398 ton dizel yanacağı 4,3 milyon ABŞ dolları, 3 939 ton benzin isə 2,9 milyon ABŞ dolları gömrük dəyərindədir", - deyə idarələr bildiriblər.
Almaz Həsənli





















































































