Türkmənistan 2025-ci ildə 76,5 milyard kubmetrdən çox qaz hasil edib
2025-ci ildə Türkmənistanda təbii qaz hasilatı 76 milyard 527,1 milyon kubmetr, neft hasilatı isə 8 milyon 382,3 min tona çatıb. Bu, Dövlət Statistika Komitəsinin sədri Dövlətgəldi Amanmuxamedovun genişləndirilmiş hökumət iclasında təqdim etdiyi məlumatlardan irəli gəlir.
TDX onun sözlərinə istinadən bildirir ki, "2025-ci ilin sonuna qədər təbii qaz hasilatı 76 milyard 527,1 milyon kubmetr, neft hasilatı isə 8 milyon 382,3 min tona çatıb".
Dövlət Statistika Komitəsinin sədri həmçinin nazirliklər və sənaye qurumları tərəfindən ötən il üçün planların yerinə yetirilməsi barədə məlumat verib.
Onun sözlərinə görə, 2024-cü illə müqayisədə dizel yanacağı istehsalı 9,8%, benzin 6,2%, kerosin 5,4%, neft bitumu 26,4% və mayeləşdirilmiş neft qazları istehsalı 5,2% artıb. Sement istehsalı 40,9%, armatur və metal məmulatları istehsalı isə 22,3% artıb.
Qida sənayesində qənnadı məmulatları istehsalında 10,1%, kolbasa istehsalında 7,3%, makaron istehsalında 5%, kərə yağı istehsalında isə 2,9% artım müşahidə olunub.
Hesabat dövründə pambıq ipliyi istehsalında 11%, pambıq parça istehsalında isə 16,7% artım müşahidə olunub.
Bütün nəqliyyat növləri ilə yük daşınması 3,7%, sərnişin daşınmasında isə 5,3% artım müşahidə olunub. Rabitə xidmətləri 19,6% artıb.
Kənd təsərrüfatında 2024-cü illə müqayisədə 2025-ci ildə tərəvəz istehsalı 11,8%, bostan məhsulları 11,7%, kartof istehsalı 4,7%, yumurta istehsalı 8% və süd istehsalı 2,1% artmışdır.
Əziz MUSTAFA





















































































