Brent markalı neftin qiyməti iyunun 15-dən bəri ilk dəfə 85 dolları ötüb

Brent markalı neftin qiyməti iyunun 15-dən bəri ilk dəfə 85 dolları ötüb

Bəyəndim (1) Bəyənmədim (0)

Brent markalı neftin qiyməti bir ay ərzində ilk dəfə 85 dolları ötüb. Oxuməni.az xəbər verir ki, Bakı vaxtı ilə saat 04:23-ə olan ticarət məlumatlarına görə, sentyabr fyuçerslərinin dəyəri 2,81% artaraq bir barel üçün 85,64 dollara çatıb. Neft iyunun 15-dən bəri ilk dəfədir ki, 85 dollardan baha ticarət olunur.

Bakı vaxtı ilə saat 08:32-yə olan məlumata görə, artım tempi 1,75%-ə enib və neft bir barel üçün 84,76 dollar səviyyəsində ticarət olunub.

Neft qiymətləri artıq ikinci gündür ki, sürətlə artır. Bazar ertəsinin yekunlarına görə, Brent markalı neftin kotirovkaları 9,59% artaraq 83,3 dollara çatıb.

"Kotirovkaların yenidən artmasının səbəbi İran və ABŞ-ın Hörmüz boğazının ticarət gəmiçiliyi üçün açılması məsələsində tamamilə fərqli mövqe tutmaları və hər iki tərəfin nəzarətin özündə qalmasında israr etməsidir. Bu, münaqişənin qaynar fazasının yenidən başlamasına və qarşılıqlı zərbələrə səbəb olub. Bu fonda bazarlarda qlobal inflyasiyanın sürətlənməsi ilə bağlı narahatlıqlar yenidən güclənir. Yaxın Şərq münaqişəsinin kəskinləşməsi ilə əlaqədar dünya iqtisadiyyatı üçün staqnasiya riskləri yenidən gündəmə gəlib", - deyə "Freedom Global"ın analitiki Natalya Milçakova qeyd edib.

Bazar ertəsi, iyulun 13-də ABŞ prezidenti Donald Tramp Vaşinqtonun İrana qarşı dəniz blokadasını bərpa etdiyini, lakin digər ölkələr üçün Hörmüz boğazından sərbəst gəmiçiliyin saxlanılacağını bəyan edib. "Reuters" agentliyinin ABŞ Hərbi Dəniz Qüvvələrinin rəhbərliyi altında fəaliyyət göstərən Birləşmiş Dəniz İnformasiya Mərkəzinə (JMIC) istinadən verdiyi məlumata görə, ABŞ hərbçiləri gecə yarısından etibarən bütün İran limanlarının blokadasını bərpa edəcəklər.

Almaz Həsənli