Xroniki maliyyə stressi beynin qocalmasını sürətləndirir — araşdırma
Yeni bir araşdırmaya görə, xroniki maliyyə narahatlıqları beynin qocalma prosesinə gizli şəkildə təsir edə bilər. Oxuməni. az xəbər verir ki, araşdırmanın nəticələri haqqında “academic.oup.com” məlumat verib.
Böyük Britaniyanın 2 759 sakininin məlumatlarını təhlil edən alimlər belə qənaətə gəliblər ki, maddi çətinliklər yaşayan insanlarda 53 yaşına çatdıqda, pul problemi olmayanlarla müqayisədə koqnitiv funksiyaların azalması müşahidə olunub.
London Universitet Kollecinin tədqiqatçısı Jak Vels bildirib: "Koqnitiv sağlamlıq üçün ən mənfi nəticələr məhz illər ərzində yığılan məhrumiyyətlərlə bağlıdır, birdəfəlik çətinlik epizodları ilə deyil".
Gənc və orta yaş dövründə daim pul çatışmazlığı ilə üzləşən və ya davamlı olaraq aşağı gəlirlə yaşayan insanlarda 53 yaşında koqnitiv testlərin nəticələri daha aşağı olub, 71 yaşında isə onlarda beyin atrofiyası qeydə alınıb.
Alimlər həmçinin aşkar ediblər ki, bu iştirakçılarda 53 yaşından 69 yaşına qədər verbal yaddaşın sonrakı pisləşməsi yavaşlayıb. Bu da o deməkdir ki, koqnitiv itkilərin əhəmiyyətli bir hissəsi artıq orta yaş dövründə baş verib.
Müəlliflərin sözlərinə görə, bu əlaqə maliyyə çətinliklərinin koqnitiv yükü artırması və diqqət, qərar qəbul etmə kimi proseslər üçün əlçatan olan beyin resurslarını azaltması ilə izah edilə bilər.
Onlar yazırlar: "Beləliklə, yetkinlik dövründə maliyyə məhrumiyyətlərini daim yaşamaq informasiyanın koqnitiv emalı ilə məşğul olan sistemlər üçün xroniki stress yarada və zaman keçdikcə koqnitiv pozğunluqlara gətirib çıxara bilər".
Araşdırma həmçinin göstərib ki, maliyyə stressinin qocalan beyinə təsiri kişilərdə, əlverişsiz şəraitdə böyüyən insanlarda, eləcə də Altsheymer xəstəliyinə genetik meylliliyi olanlarda daha güclüdür.
Tədqiqat müəllifləri əlavə edirlər ki, maliyyə çətinliklərinin xroniki hala çevrilməsinin qarşısını almaq yaşla bağlı koqnitiv pozğunluqlardan və demensiya kimi xəstəliklərdən qorunmağa kömək edə bilər.
Demensiya qlobal səhiyyə sisteminə düşən ən böyük yük faktorlarından biridir: 2019-cu ildə 57 milyon insan bu diaqnozla yaşayırdı və 2050-ci ilə qədər bu rəqəmin üç dəfə artaraq 150 milyonu keçəcəyi gözlənilir.
Buna görə də, getdikcə daha çox araşdırma "dəyişdirilə bilən" faktorların — koqnitiv qocalmanı ləngitmək və xəstəliyin inkişafının qarşısını almaq üçün dəyişə biləcəyimiz amillərin tapılmasına yönəlib.
Hazırkı yaşayış xərcləri böhranı fonunda, rekord sayda ev təsərrüfatının maliyyə çətinliyi barədə məlumat verdiyi bir vaxtda müəlliflər vurğulayıblar ki, tədqiqatın nəticələri bir daha həssas maliyyə vəziyyətində olan insanlara dəstək olmağın vacibliyini nümayiş etdirir.
"Nəticələrimiz göstərir ki, maliyyə çətinliyi ilə üzləşən insanlara dəstək olmaq və xroniki yoxsulluğun azaldılması gələcəkdə idrak geriləməsinin və demensiyanın qarşısını almağa da kömək edə bilər", - tədqiqatın baş müəllifi Pravita Patalai bildirib.
Almaz Həsənli

























































































