“Wildberries” Qazaxıstanda boş anbarlar axtarmağa başlayıb

“Wildberries” Qazaxıstanda boş anbarlar axtarmağa başlayıb

Bəyəndim (2) Bəyənmədim (0)

“Wildberries” Ukrayna dronlarının Rusiyadakı logistika mərkəzlərinə hücumları fonunda Qazaxıstanda anbar sahələri axtarır. Oxuməni.az xəbər verir ki, bu barədə "Kommersant" daşınmaz əmlak bazarındakı dörd mənbəyə istinadən məlumat verib.

Mənbələrin bildirdiyinə görə, marketpleys bu yolla öz gücünün bir hissəsini dron zərbələrindən qorumaq istəyir.

Nəşrin həmsöhbətlərindən birinin sözlərinə görə, söhbət 100 min kvadratmetrlik sahənin tapılmasından gedir. Digər bir mənbə isə “Wildberries”in Qazaxıstanda mövcud olan bütün boş anbarları götürməyə hazır olduğunu bildirib.

Russ / Wildberries (RWB) birləşmiş qrupunun mətbuat xidmətindən bildirilib ki, şirkət fəaliyyət göstərdiyi ölkələrdə logistika obyektlərinin tikintisi üzrə planlı işlər aparır və onlardan bəziləri yaxın vaxtlarda istifadəyə veriləcək. Belə ki, Almatıda sahəsi 100 min kvadratmetrdən çox olan obyektin, Astanada isə sahəsi 160 min kvadratmetr olan daha bir obyektin tikintisi davam edir. Şirkət əlavə edib ki, hazırda bütün təşkilati səylər malların müxtəlif anbarlar arasında yenidən bölüşdürülməsinə yönəldilib.

"Kommersant"ın sorğuladığı ekspertlərin fikrincə, Qazaxıstanda boş anbar sahələrinin kifayət qədər olmaması səbəbindən “Wildberries” üçün orada obyekt tapmaq çətin ola bilər.

Qəzetin daşınmaz əmlak bazarındakı mənbələri bildiriblər ki, “Wildberries” Rusiyada da yeni anbarlar axtarmağa davam edir, lakin Rusiyadakı boş anbar sahibləri dron hücumları riski səbəbindən hazırda “Wildberries” ilə yeni icarə müqavilələri imzalamağa maraqlı deyillər.

Xatırladaq ki, iyulun 18-dən etibarən Ukrayna “Wildberries”-in logistika mərkəzlərinə və anbarlarına zərbələr endirir. Dron hücumlarına artıq Moskva vilayəti, Tambov vilayəti, Krasnodar, Stavropol diyarı, Leninqrad vilayəti və Sankt-Peterburq, Voronej, Ryazan, eləcə də ilhaq edilmiş Krımdakı anbarlar məruz qalıb.

Almaz Həsənli