Hörmüz boğazından keçid ödənişli olacaq
Hörmüz boğazından keçməyi seçən mülki gəmilər bu su arteriyasından keçid üçün rüsum ödəməli olacaqlar.
İran və Oman nümayəndələrinin Hörmüz boğazında gəmiçiliyin bərpası ilə bağlı danışıqlarının əsas mövzusu daşınan yüklərin bəyan edilmiş dəyərinin 3%-dən 7%-dək həcmində tranzit rüsumlarının tətbiqi olub. Oxuməni.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
İran bu məsələdə maksimalist mövqe tutaraq 5-7% həcmində ödənişin tətbiqində israr edir. Omanın tələbləri daha mülayimdir – 3%. TASS-ın məlumatına görə, ABŞ isə İrana ödəniləcək hər hansı rüsumun əleyhinədir.
Fars körfəzi ölkələri hələlik gözləmə mövqeyi tutublar, lakin gəmi sahibləri tərəfindən ediləcək hər hansı ödənişin, əgər bu barədə razılıq əldə olunarsa, sırf könüllü xarakter daşımalı olduğu qənaətindədirlər.
Daha əvvəl tərəflər Hörmüz boğazından keçən yeni marşrutun coğrafi koordinatlarını razılaşdırıblar, lakin bu, onun dərhal açılacağı mənasına gəlmir: hər şey ABŞ-ın atacağı addımlardan asılı olacaq.
Almaz Həsənli


























































































