İlon Mask nəhəng çip zavodu layihəsini təqdim edib
Amerikalı sahibkar İlon Mask ABŞ-ın Texas ştatında tikilməsi planlaşdırılan "Terafab" çip istehsalı zavodunun layihəsini təqdim edib.
Oxuməni.az xəbər verir ki, bu barədə İlon Mask "X" sosial şəbəkəsində yazıb. Mask layihəni "qalaktik sivilizasiyaya doğru növbəti addım" kimi təqdim edib. "Mashable" nəşrinin məlumatına görə, zavodun tikintisinin təxmini dəyəri 20–25 milyard dollar təşkil edəcək.
Zavod ilkin olaraq Texas ştatında, "Giga Tesla"nın yaxınlığında inşa ediləcək. Maskın sözlərinə görə, "Terafab" mikroçiplərin istehsalı, sınaqdan keçirilməsi və təkmilləşdirilməsinin bir binada birləşdiriləcəyi ilk zavod olacaq.
"Terafab"ın məqsədi iddialıdır: zavod ayda bir milyon ədəd 2 nanometrlik lövhə (plastin) istehsal etməlidir. Müqayisə üçün qeyd edək ki, dünyanın ən böyük yarımkeçirici istehsalçısı olan Tayvanın TSMC şirkəti 2026-cı ilin sonuna qədər ayda 140 000 lövhə istehsal etməyi planlaşdırır.
"Terafab"ın illik məhsuldarlığı Teslanın öz avtomobillərində və robotlarında istifadə edəcəyi 100-200 milyard süni intellekt və yaddaş çipi təşkil edəcək. Mask qeyd edib ki, hazırkı təchizatçılar (Samsung, TSMC, Micron) istehsalı kifayət qədər sürətlə artırmırlar: "Temp biz istədiyimizdən çox daha yavaşdır. Buna görə də biz ya "Terafab"ı tikməliyik, ya da sadəcə çiplərimiz olmayacaq".
Maskın hesablamalarına görə, tam gücü ilə işləyərkən zavod Yer kürəsində 100–200 giqavat, kosmosda isə bir teravat elektrik enerjisi istehlak edəcək.
Almaz Həsənli




























































.jpg)
































