“TikTok” istifadəçiləri arasında pul köçürmələri mümkün olacaq

“TikTok” istifadəçiləri arasında pul köçürmələri mümkün olacaq

Bəyəndim (1) Bəyənmədim (0)

"TikTok" sosial şəbəkəsi maliyyə xidmətləri bazarında mövcudluğunu genişləndirmək məqsədilə istifadəçilər arasında şəxsi mesajlar vasitəsilə pul köçürmələri funksiyasını sınaqdan keçirir. Oxuməni.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Yeni maliyyə funksiyasının hazırlanması tətbiqin gizli kod fraqmentlərindən məlum olub. Yenilik istifadəçilərə birbaşa şəxsi yazışma zamanı bir-birinə pul göndərməyə imkan verəcək. Kodda "TikTok Pay" sisteminə, həmçinin köçürməni bir toxunuşla təsdiqləmək və tranzaksiyalara mətn qeydləri əlavə etmək funksiyalarına dair istinadlar aşkar edilib.

Hazırda "TikTok Pay" ödəniş sistemi yalnız Cənub-Şərqi Asiya ölkələrində, o cümlədən Vyetnam, Malayziya və Taylandda mövcuddur və burada əsasən "TikTok Shop" onlayn mağazasında alış-verişlərin ödənilməsi üçün istifadə olunur.

Şəxsi mesajlarda P2P (istifadəçidən istifadəçiyə) köçürmələrinin tətbiqi şirkətin maliyyə xidmətləri bazarına çıxışı və vahid ekosistemin yaradılması istiqamətində növbəti addımı olacaq. Sosial şəbəkənin nümayəndələri hələlik funksiyanın istifadəyə verilmə müddəti ilə bağlı rəsmi açıqlama verməyiblər.

Almaz Həsənli