ABŞ təzyiqi artırır: neft niyə bahalaşmır?

ABŞ təzyiqi artırır: neft niyə bahalaşmır?

13 Aprel 2020 14:52
Bəyəndim (1) Bəyənmədim (0)

Neft böhranının dərinləşməsinin əsas səbəbi neft hasil edən ölkələrdir.

Bu sözləri Oxuməni.az-a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli G-20 ölkələrinin görüşündən sonra dünya bazarlarında neftin qiymətinin durumu haqda danışarkən deyib. O bildirib ki, neftin hazırda ucuz olması bir çox ölkələrə sərf edir:

“Xüsusən də Almaniya, Fransa, İspaniya, Çin, Hindistan, İngiltərə kimi inkişaf etmiş sənaye ölkələri mövcud vəziyyətdən tam razıdırlar. Sözügedən ölkələr eyni zamanda G-20 ölkələridir. Belə bir formatda istehsalçılarla istehlakçıların maraqları tamamilə fərqlidir. Bu baxımdan G-20 ölkələrinin görüşü zamanı neftin qiymətinə təsir edəcək bir nəticənin əldə olunmasını gözləmək əbəs idi”.

N.Cəfərli qeyd edib ki, ABŞ neft qiymətlərinin sabitləşməsi üçün bir çox ölkələrə təzyiq edir:

“ABŞ ilk başda neftin ucuzlaşmasından razı olsa da, hazırkı vəziyyətdən narazıdır. Vaşinqton neftin qiymətinin bu qədər düşəcəyini təxmin etmirdi. Bu mənada qiymətlərin yüksəlməsi üçün bəzi ölkələrə təzyiq edir. Xüsusilə G-20 ölkələrinin görüşü zamanı heç bir təkliflə razılaşmayan Meksikaya ABŞ-ın təzyiqini misal göstərmək olar. ABŞ lideri Donald Trampın birbaşa müraciəti Meksikanın müəyyən qədər güzəştə getməsinə səbəb oldu. Bütövlükdə isə deyə bilərəm ki, ABŞ öz beynəlxalq nüfuzu ilə müəyyən nəticənin əldə edilməsinə vasitəçi oldu”.

Ekspert vurğulayıb ki, hazırda neft bazarında qəribə bir qeyri-müəyyənlik hakimdir:

“Hazırda neftin qiymətində cüzi artım müşahidə olunur, lakin bu, nisbidir. Neft hasil edən ölkələr bazara müxtəlif sözlü müdaxilələrlə qiymətin qalxmasını təmin etməyə çalışırlar. Nəticə etibarilə bu gün neft qiymətlərində sabitlik hakim deyil”.

Oxuməni.az