“Zəngəzurda post qurulacaq və ruslar oranı bizə təhvil verəcək”

“Zəngəzurda post qurulacaq və ruslar oranı bizə təhvil verəcək”

29 Sentyabr 2022 13:08
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Prezidenti Co Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın təşəbbüsü ilə Ağ Evdə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında görüş keçirilib.

Tərəflər Azərbaycan-Ermənistan münasaibətlərindəki problemlərin uzunmüddətli sülh yolu ilə həlli prosesini, eləcə də regionda sülhün bərqərar olmasının zəruriliyini müzakirə ediblər.

Oxuməni.az mövzu ilə bağlı sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun Cebhe.info-ya müsahibəsini oxucularına təqdim edir:

- Ağ Evin vasitəçiliyi ilə Hikmət Hacıyevlə Armen Qriqoryan arasında görüşün təşkili məlumatda deyildiyi kimi, bölgədə uzunmüddətli sülhün bərqərar olmasını təmin edə biləcək?

- Azərbaycanla Ermənistan arasında uzunmüddətli sülhü iki ölkə arasında gələcəkdə imzalanacaq saziş təmin edə bilər. Sülh müqaviləsi ilə bağlı vəziyyət artıq məlumdur. Azərbaycan bu məqsədlə beş prinsip irəli sürüb. Rəsmi İrəvanın mövqeyi isə bundan ibarətdir ki, sazişdə Qarabağ məsələsinə dair Ermənistanın mövqeyi əks olunsun. Onlar hesab edirlər ki, iki ölkə arasında sülh sazişi bağlanarkən orada “Qarabağ problemi”nin həll olunmadığı və status məsələsinin müzakirə edilməsinin vacibliyi qeyd edilsin.

Bu, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirmək niyyətindən xəbər verir. Ona görə də Azərbaycan bu yanaşmanı qəbul etmir. ABŞ-ın bu məsələyə qoşulmasına gəlincə, demokratlar administrasiyası bu məsələdə ilk növbədə, öz maraqlarını təmin etmək üçün açıq şəkildə ermənipərəst mövqe sərgiləyir.

Prezident Bayden Nyu-York-da xarici işlər nazirləri ilə görüşdə ABŞ-ın mövqeyində indiyə qədər səsləndirilməyən “Dağlıq Qarabağ xalqı” ifadəsini işlədib. Yəni danışıqlar başlamamış ABŞ öz mövqeyini nümayiş etdirdi. Bu, Fransanın da yanaşması ilə üst-üstə düşür. Ona görə də biz ABŞ-ın öz maraqlarına uyğun olaraq, bu danışıqların uğursuz olması üçün əsaslar yaratdı. Məlumdur ki, Azərbaycan status məsələsinin müzakirəsini qəti şəkildə qəbul etmir. Bu baxımdan, ABŞ-ın təşəbbüsünün hansısa nəticə verəcəyinə ümid yoxdur. Bütün bunlar Ağ Ev tərəfindən müvəqqəti atılmış addımlardır. Onlar Konqresə seçkilərə hazırlaşdığına görə belə addımlar atırlar. Digər tərəfdən, rəsmi Vaşinqton başa düşür ki, Ermənistan anti-Rusiya əhval-ruhiyyəsi artır. Qərbi daha çox cəlbedici etmək üçün ABŞ rəsmiləri belə mövqedən çıxış edir.

- Azərbaycan və Ermənistan liderlərinin avqustun 31-də Brüsseldə keçirilmiş görüşündən sonra ABŞ-ın vasitəçilik missiyasını ələ almaq üçün diplomatik səylərinin artdığı açıq hiss olunurdu. Artıq Vaşinqtonun bu istəyinə nail olduğunu demək olar. ABŞ-ın aktiv şəkildə prosesə daxil olmaqla Brüsseldə əldə olunmuş irəliləyişləri və bu formatın özünü sıradan çıxartdığını demək olar...

- Nə Brüssel formatı, nə də ABŞ-ın təşəbbüsü ilə müsbət nəticənin əldə olunduğunu görürəm. Bu, formatların bir-birinə bu və ya digər şəkildə rəqib olması yalnız Brüsselin deyil, Moskvanın da təşəbbüsləri ilə bağlıdır. Amma bu rəqabət məsələnin həllinə gətirib çıxartmır. Ümumi nəticələr sıfırdır. Moskva 2020-ci il 10 noyabr Bəyanatı çərçivəsində əldə olunmuş razılaşmaların həyata keçirilməsini təmin edə bilmir. ABŞ-ın təşəbbüsü də öz daxili siyasi maraqlarına xidmət edir. Ona görə də bundan nəticə gözləməyə dəyməz.

- Sizcə, Ağ Evdə keçirilən görüş ABŞ-ın son günlər Azərbaycana qarşı artan təzyiqlərini dayandırmağa kömək edəcəkmi?

- Xeyr. Azərbaycan tənqidlərə əsas verməmək üçün bu görüşlərdə iştirak edir. Tənqidlər isə davam edəcək. Bu, ilk növbədə daxili siyasi maraqlarla bağlıdır. İkincisi, Qərbin Rusiya ilə rəqabəti Ermənistan üzərində toqquşur.

- Seçkilərdən sonra Azərbaycana qarşı təzyiqlərin səngiyəcəyinə ümid varmı?

- Qismən ümid etmək olar. Çünki bu mövqeyin arxasında erməni diasporu dayanır. Diaspor da daha çox Konqresdə fəaldır. ABŞ ermənilərə xoş gəlmək üçün ermənimeyilli bəyanatlar verməyə məcburdur. Seçkilərdən sonra ABŞ administrasiyasının ermənilərin dəstəyinə marağı azalacaq. Amma Rusiya ilə Qərb arasındakı rəqabət davam edəcək.

- Konqresdə hətta Ermənistana hərbi yardımın ayrılması təklifi irəli sürülüb. ABŞ Ermənistana silah verəcəkmi?

- Bu təklif bəzi konqresmenlərin təşəbbüsləridir. Hətta Nümayəndələr Palatasının sədri Nensi Pelosiyə Azərbaycana qarşı sanksiyaların tətbiqi təklif edilmişdi. Bu prosesdə həm də birbaşa Rusiyanın oyunu görünür. Çünki Azərbaycanın neft və təbii qaz ixracını sanksiyalar altına salsa, bu, Cənubi Avropanın əhalisinin maraqlarına ziddi addım olacaq. Yəni mürəkkəb geopolitik “oyunlar” gedir. Azərbaycanla Ermənistan arasındakı münaqişə bu “oyunlar” üçün əsas kimi götürülür. Maraqlar isə tamam fərqli səbəblə bağlıdır və qarşıdurma daha da dərinləşir.

- Son günlər Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaq istəyi ilə bağlı məlumatlar tez-tez səslənir. Hətta Nensi Pelosinin Ermənistana səfəri zamanı belə bir təklif irəli sürdüyü deyilir. KTMT ilə münasibətləri gərginləşən Ermənistan bu qurumdan çıxacaq, yoxsa Paşinyan növbəti dəfə manipulyasiya edir?

- Əvvəla, bu proses davam edəcək. Çünki KTMT ölü təşkilatdır. İkincisi, Qərb Ermənistandan Rusiya hərbi bazalarının çıxarılmasını tələb edir. Bu tələb hələ müharibədən qabaq da səslənirdi. ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri Con Bolton 2018-ci ilin oktyabr ayında Ermənistana səfər edərkən təklif etmişdi ki, ABŞ silahlarını almaq istəyirsinizsə, Rusiyanı buradan çıxarın. ABŞ Konqresində Ermənistana silah verilməsinin əsas şərtlərindən biri də məhz Rusiya hərbi bazalarının çıxarılması ilə bağlıdır. Vaşinqton ABŞ silahlarının Rusiyanın əlinə keçməsini istəmir. Ancaq bunu ciddi qəbul etmək olmaz. Hazırda mübarizə daha çox Ermənistan ictimai rəyi uğrunda gedir. Xüsusilə də ABŞ Qərbyönlü kursu Ermənistan cəmiyyəti üçün cəlbedici etməyə çalışır.

- Müşahidələr göstərir ki, ABŞ Ermənistanın təhlükəsizliyinin təminini təklif edir. Ancaq bundan öncə ABŞ Ermənistanın Rusiya ilə hərbi müttəfiqliyinə xitam verilməsini istəyir. Ermənistan buna hazır görünürmü?

- Ermənistan çox yaxşı başa düşür ki, bu vədlər hələ sadəcə sözdür. Bu prosesin həyata keçirilməsi uzun vaxt tələb edir. Ən əsası ondan ibarətdir ki, Qərbin bu bölgədə hər hansı addım atması üçün Türkiyənin infrastrukturundan istifadə etməlidir. Qərbin bu regiondakı hərbi infrastrukturu Türkiyədə yerləşir. Ona görə də Ermənistan məsələyə ehtiyatla yanaşır. Qərbin Ermənistana real gəlişi Pelosinin bəyanatları və ağlaması ilə deyil, Türkiyə ilə bağlıdır. Yəni Rusiyanı bölgədə Qərb üçün Türkiyə əvəz etməlidir. Bunu başa düşən ermənilər çıxılmaz vəziyyətdədir.

- Amma bu gün Türkiyə regionda Rusiya ilə strateji tərəfdaşlığa və birgə fəaliyyətə üstünlük verir. Necə hesab edirsiniz, Türkiyə Qərbin dəstəyi ilə Rusiyaya qarşı çıxacaqmı?

- Əslində, Rusiyanın Ermənistandan çıxması prosesi hələ Ukraynadakı müharibədən öncə başlayıb. Bunun lazımsız olduğuna dair fikirlər o vaxt səslənirdi. Ukraynadakı müharibə həmin prosesi daha da sürətləndirib. Amma Rusiya bölgədə meydanı Qərbə verməli olsa, Türkiyəyə verəcək. Çünki Türkiyə Rusiya üçün daha əlverişli tərəfdir. İranın fəallaşması da bununla bağlıdır. İranın aktivliyi bizə deyil, Rusiyaya qarşı yönəlib. İran bu bölgədə ənənəvi rəqibi olan Rusiyadan ehtiyat edir.

Ümumiyyətlə, maraqlar toqquşmasını biz öz ərazimizdən nə qədər uzaqlaşdırsaq, Qarabağ mövzusu bir o qədər həll olunmuş kimidir. Onu da başa düşürük ki, böyük dövlətlər bizdən əl çəkən deyil. Onlar öz siyasətini hansısa meydanda göstərməlidir. Qoy bu meydan Zəngəzur olsun. Yəni Zəngəzur ifadəsi Qarabağdan daha çox səslənir. Bu da Azərbaycanın xeyrinədir. Günün birində Zəngəzurda bir post qurulacaq və ruslar oranı bizə təhvil verəcək. Çünki onların rəqibi Qərbdir. Ukraynada da eyni oyun gedir. Münaqişə ukraynalıların başında çatlasa da, dava onların davası deyil. Biz onlara toqquşmaq üçün meydan verməliyik. Bu meydan da Zəngəzurdur. Çalışmalıyıq ki, münaqişə tədricən bizim sərhədlərimizdən kənara çıxsın və Ermənistan ərazisinə keçsin. Mən sentyabrın 27-də Anım Günü ilə bağlı Füzulidə səfərdə idim. Diqqət yetirdim, biri var köhnə cəbhə xəttində vuruşaq, biri də var əsgərimiz Zəngəzur sərhədində dayansın.