Bakı hərəkətə keçdi: təxribata əl atan molla rejiminə sərt cavab

Bakı hərəkətə keçdi: təxribata əl atan molla rejiminə sərt cavab

3 Noyabr 2022 10:11
Bəyəndim (1) Bəyənmədim (0)

Oxuməni.az politoloq Vüqar Zifəroğlunun Teleqraf.com-a müsahibəsini təqdim edir:

- İran tərəfindən yaradılmış qanunsuz silahlı birləşmə Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən ifşa edildi. Bu çirkin fəaliyyətdə İran səfirliyinin də adı hallanır. Maraqlıdır ki, İran niyə Azərbaycanla münasibətlərini az qala bərpaedilməz formada qırmağa meyllənib?

- Ümumiyyətlə, Azərbaycan 1991-ci ildə - XX əsrdə ikinci dəfə müstəqilliyini elan etdikdən sonra İranın bizə qarşı münasibətində səmimi olduğunu görmədik. Bu, istər Birinci, istərsə də İkinci Qarabağ Müharibəsində özünü göstərdi. İran həmişə Azərbaycanı özünə təhdid olaraq görüb. Mənə elə gəlir ki, burada ən vacib faktorlardan biri Azərbaycanın geosiyasi baxımdan önəmli nöqtədə olması və milli maraqlara söykənən müstəqil xarici siyasət yürütməsidirsə, ikinci önəmli amil İranda 40 milyondan çox azərbaycanlının yaşaması ilə bağlıdır. İran həmişə bunu özünə təhdid kimi görür.

Fikir verin: 44 günlük Vətən Müharibəsindən sonra İran-Azərbaycan münasibətlərində nələr baş verdi. İran Ermənistanla birlikdə Zəngəzur dəhlizi ilə bağlı ən radikal, aqressiv və mənfi mövqe sərgiləyən ölkə oldu. Halbuki bu dəhlizin mövcudluğu heç bir halda İran üçün təhdid yaratmır. Ümumiyyətlə, bu dəhlizin açılmasının özünün mahiyyəti tamam fərqlidir. Bu dəhlizi açmaqda məqsəd regionlararası rabitəni gücləndirmək və bölgənin inkişafı üçün yeni, transmilli iqtisadi layihələrin həyata keçirilməsi üçün münbit şərait yaratmaqdır. Həm Türkiyə, həm də Azərbaycan tərəfindən dəfələrlə qeyd olundu ki, bu dəhliz bütün Cənubi Qafqazın iqtisadi inkişafına təkan verə biləcək layihə ola bilər. Bundan irəli gələrək başqa layihələrin reallaşdırılması üçün münbit zəmin yaranmış olardı.

İran isə bunu təhdid kimi gördü. Bu durum üzərindən manipulyasiyaya əl ataraq mediaları vasitəsi ilə dəhlizi Azərbaycanın Ermənistanın İranla sərhədini nəzarətə götürmək planı kimi təqdim etdilər. Otuz il Azərbaycan torpaqları işğal altında olanda, Azərbaycanla İranın sərhədlərinin önəmli hissəsi nəzarətsiz qalanda, ümumi bəyənatlardan o tərəfə keçməyən Tehran rəsmiləri ard-arda açıqlama verdilər ki, Ermənistan bizim “qırmızı xətt”imizdir. Hətta İranın hərbi-siyasi dairələrinə yaxın media qurumları təbliğat apardılar ki, guya bu, Zəngəzur yox, Turan dəhlizidir. Təbii ki, bu cür qeyri-adekvat reaksiya gec-tez münasibətlərin daha kəskin məcraya gəlib çıxmasına səbəb olacaqdı.

Hazırda Ermənistanla Azərbaycan sülh müqaviləsinin imzalanmasına dair bir mərhələyə qədəm qoyub. Çox ağır danışıqlar gedir, Ermənistan var qüvvəsi ilə həmişəki kimi prosesi pozmağa çalışır, ermənilərə himayədarlıq edən dövlətlər bu danışıqların nəticəsiz sonuclanmasına səy göstərirlər, müxtəlif manipulyasiyaların və yalan ittihamların şahidi oluruq. Belə bir məqamda “islam respublikası” olan İranın da eyni mövqedən çıxış etməsi təəssüf doğurmalıdır.

Azərbaycan 1991-ci ildə ikinci dəfə müstəqilliyini elan etdiyi ilk gündən qonşuları ilə normal münasibətlər qurmağı qarşısına məqsəd qoyub. Bu istiqamətdə də səmimi addımlar atıb. Eyni zamanda, Azərbaycan İranla münasibətlərində də mehriban qonşuluq münasibətlərini əlində rəhbər tutub. Amma İran belə etməyib. Həm Birinci Qarabağ Müharibəsində, həm işğal dövründə, həm də 44 günlük müharibədə və bundan sonra da bunun şahidi olmaqdayıq. Təbii ki, Azərbaycan da buna səssiz qala bilməz. Artıq bu addımlar atılır. Bu da cəmiyyət tərəfindən birmənalı şəkildə müsbət qarşılanır və dəstəklənir.

- Azərbaycandan ona qarşı heç bir təhlükə olmadığı halda İran bizi təhdid edir, Ermənistana isə göz yumur. Məsələn, Ermənistanın İsraildə səfirlik açmasına, Avropa Birliyi və ATƏT missiyalarının Zəngəzurda yerləşdirilməsinə reaksiya vermədi. Eyni zamanda, İranın Kəşfiyyat Nazirliyi bildirdi ki, kütləvi etirazların təşkili ilə bağlı təlim keçirilən ölkələrdən biri də Ermənistandır. Bəs bunu necə başa düşək?

- Bu, İranın həmişə Cənubi Qafqaz siyasətində Ermənistanı özünə müttəfiq və tərəfdaş ölkə kimi görməsindən irəli gəlir. 1991-ci ildən bəri Ermənistan Cənubi Qafqazda İran üçün müttəfiq olaraq götürülüb. Bu da təəccübli deyil. Çünki Ermənistan bölgədə türk və ya Azərbaycan-Türkiyə faktoruna qarşı duran əsas amil kimi qəbul edilir. İran bundan irəli gələrək, həmişə Ermənistana ya açıq, ya da gizli dəstək verib. İran həmişə Ermənistan üçün nəfəslik rolunu oynayıb.

İranın Cənubi Qafqazda maraqlarını təmin etmək məqsədilə Ermənistanla əməkdaşlığına təkan verən ən azı üç geosiyasi səbəbi göstərə bilərik.

Birincisi, Türkiyə ilə Azərbaycan arasında strateji münasibətləri balanslaşdırmaq cəhdi, həmçinin Ermənistanın Türkiyə və Azərbaycana qarşı siyasətindən istifadə etməklə regionda siyasi gücünü artırmaq arzusu; İkincisi, Cənubi Qafqazda iqtisadi maraqları zəminində Qərbin fəallığını artırmasına qarşı mübarizə; Üçüncüsü, qlobal mərhələdə rəsmi Tehranın ABŞ-dakı yəhudi lobbisinə qarşı erməni lobbisindən yararlanmaq istəyi.

Təsadüfi deyil ki, İkinci Qarabağ Müharibəsində Ermənistana məhz İran ərazisindən silah-sursat daşınıb. Hətta Güney Azərbaycanın bir sıra şəhərlərində və gömrük məntəqəsi yaxınlığında orada yaşayan soydaşlarımızın etirazları olmuşdu. Bu da onu göstərir ki, İran bölgədə özünün müttəfiqi və tərəfdaşı kimi Ermənistanı görür. Azərbaycanı niyə belə görmədiyi haqda danışdıq. Dediyim kimi, Azərbaycan həmişə özünün milli maraqlarından irəli gələn xarici siyasət kursu həyata keçirir. Bu da İranın Cənubi Qafqaz siyasəti ilə üst-üstə düşmür. İşin başqa tərəfi türk amili ilə bağlıdır. İran əhalisinin yarıdan çoxunun türk olması burada önəmli məqam kimi irəli çıxır.

Bir sözlə, İran Azərbaycanın güclənməsində, ölkəmizi məşğul edən problemlərini həll etməsində maraqlı deyil. İran heç vaxt Azərbaycanın Qarabağ məsələsini həll etməsində maraqlı olmayıb. Bu, ortada olan bir həqiqətdir.

- ABŞ nəşrləri İranın Səudiyyə Ərəbistanını vuracağını iddia edirlər. Sizcə, İran sovet silahları ilə ABŞ-ın ən müasir hərbi sistemləri ilə öz ordusunu gücləndirmiş Səudiyyəyə qarşı belə bir ağlasığımaz addım atmağa cəsarət edə bilərmi?

- İranın Səudiyyə Ərəbistanına birbaşa hərbi müdaxilə edəcəyini və ya raket zərbəsi endirəcəyini düşünmürəm. Bəli, İran qisas alacağını bildirib, hətta Qumda “qırmızı bayraq” qaldırıblar. Amma İran həmişə dəstəklədiyi proksi qüvvələr vasitəsilə Yaxın Şərqdəki mövqelərini gücləndirməyə çalışıb. Həmin qüvvələrdən bölgənin müəyyən ölkələrinə qarşı təzyiq aləti kimi istifadə edib. Bunu İraq, Suriya, Yəmən və Livanda da görümüşük və görürük. Müəyyən mənada Səudiyyə və Bəhreyndə də görmüşük. Nimr əl-Nimrin Səudiyyədə edamı yaxın tarixdə baş verib. Yəni İranın Səudiyyəyə qarşı ata biləcəyi addım birbaşa hərbi müdaxilə olmayacaq. Amma İran nəzarətində olan radikal şiə qruplaşmalarını aktivləşdirərək, hansısa addımlar ata bilər.

- Bəs Səudiyyə İranın bu həmləsinə qarşı hansı addımla cavab verə bilər?

- Bir neçə il əvvəl Yəməndə “Ənsərullah”la bağlı proseslər başladıqda Yaxın Şərqin bir sıra ərəb dövlətləri “İslam NATO-su”nun yaradılması ideyasını ortaya qoydular. Müəyyən mənada ABŞ-ın da buna dəstəyi vardı. Hətta Pakistan və Türkiyənin də bu hərbi ittifaqa cəlb edilməsi müzakirə olunurdu. Amma bir sıra ərəb dövlətləri arasındakı fikir ayrılıqları, Qətər ətrafında yaranan böhran, bölgənin bəzi dövlətlərinin Türkiyə ilə münasibətlərinin gərginləşməsi buna mane oldu. Pakistanın özünə qarşı ərəb dövlətlərinin münasibəti də birmənalı deyil.

Artıq gərginlik səngiyir və yenidən bu ideya gündəmə gətirilə bilər. Çox güman ki, ABŞ-ın da dəstəyi ilə bu olacaq.

Səudiyyə Ərəbistanına gəldikdə, Yəməndə İranın dəstəklədiyi qüvvələrə qarşı öz addımlarını atır. Səudiyyə ilə yanaşı, digər ərəb dövlətləri də Suriya, İraq və Yəməndə gedən prosesləri yaxından izləyirlər. Həmin proseslərdə dəstəklədikləri qüvvələr var. Məsələn, Suriyadakı son gəlişmələr bu dövlətlərin İrana qarşı atacaqları addımların işartıları sayıla bilər. Burada başlıca hədəf xüsusilə “Ərəb baharı”ndan sonra İranın öz ətrafında formalaşdırmağa müvəffəq olduğu “Şiə hilalı”nı dağıtmaqdır.

- Ümumiyyətlə İranın xarici siyasəti birmənalı qarşılanmır. Xüsusilə də bölgə dövlətlərinə münasibətdə. Sizcə, belə bir siyasət sərgiləmələrinin səbəbi nədir?

- İran şahının xarici siyasətdə tamamilə qərbyönümlü anlayışla hərəkət etməsi cəmiyyəti üsyana sövq edən səbəblərdən biri idi. Şübhəsiz ki, 1979-cu il inqilabı yalnız daxildəki siyasi sistemin tamamilə dəyişməsini ifadə etməməliydi, eyni zamanda xarici siyasətdə də yeni hədəflər və prioritetlər müəyyənləşdirməli idi. Bu mənada sürgündə yaşadığı Parisdən qayıdan dini lider Xomeyni yeni dövrlə birlikdə idarəçiliyi və xarici siyasəti də öz əlinə aldı.

İnqilabın ilk illərindən əsas siyasətə çevrilən “Şiə-islam inqilabının ixracı” ideyası İran rəhbərliyi tərəfindən açıq şəkildə ifadə edilməsə də, ilk olaraq yaxın coğrafiyaya öz təsirini göstərdi. Bəzi tədqiqatçılar tərəfindən “İslam soyuq müharibəsi” adlandırılan bu sistem İslamın hakim olduğu “Darül-İslam” və İslamın hakim olmadığı “Darül-Hərb” anlayışlarını ön plana çıxararaq, siyasi İslamı dünyanın gündəminə oturtdu. İranın yeni rəhbərliyi həyata keçirdiyi yeni xarici siyasətlə şah tərəfdarları arasında ABŞ və SSRİ-yə qarşı tutumunu bir ideologiya kimi sərtləşdirməklə paralel olaraq, ABŞ-a aid etdiyi “Böyük Şeytan”, İsrailə aid etdiyi “Kiçik Şeytan” metaforasını öz leksikonuna daxil etdi.

Yeni rəhbərlik Yaxın Şərqin ərəb ölkələrinin narazılığını və Qərbin sanksiyalarını neytrallaşdırmaq əvəzinə “ideal inqilab” anlayış modelini önə sürərək sözügedən ölkələrlə əlaqələrini dondurmağa üstünlük verdi. Ruhanilərin çoxluq təşkil etdiyi yeni rəhbərlik daxili siyasətdə başladığı “yenidən strukturlaşma” prosesinin təbii davamı olaraq xarici siyasətdə də köklü dəyişikliyə getdi. İslam İnqilabının təkcə İranla məhdudlaşmayacağını və dəyişikliyin müsəlmanların yaşadığı, ilk növbədə şiələrin çoxluq təşkil etdiyi coğrafiyada davam edəcəyini iddia edən İran rejimi inqilabın yalnız başlanğıc olduğunu bildirdi. Eləcə də bununla bağlı Konstitusiyaya bir bənd əlavə edərək, “dünyanın bütün müsəlman xalqlarının müdafiəçisi” olduqlarını bəyan etdi. Bununla da təkcə İranda yaşayan xalqlara qarşı deyil, bütün müsəlman coğrafiyasına qarşı xarici siyasət baxışını təyin etdi. İran rejimi üçün “idealist xarici siyasət” modeli kimi görünsə də, xarici dünya tərəfindən “rejimin ixracı” kimi qəbul edilən bu yanaşma müəyyən mənada 1979-cu ildən bəri davam edəcək regional qarşıdurmaların əsasını qoymuş oldu.

Bununla da region ölkələrində yaşayan şiələr inqilabın ilk illərindən başlayaraq, İran dövlətinin xarici siyasətində prioritet istiqamətlərdən biri kimi qəbul edildi. Bu prioritet ilk növbədə İranın bölgə ölkələrinə təsir imkanları əldə etməsi, sonrakı mərhələdə isə öz ətrafında “şiə hilalı” (Livan-İraq-Suriya) formalaşdırmasına səbəb oldu və digər qonşu ölkələrə (Yəmən, Bəhreyn) nüfuz edə bilməsinə münbit zəmin hazırladı. Vurğulamaq lazımdır ki, “siyasi-ideoloji mübarizə” müstəvisində istər rəsmi ictimai-siyasi təşkilatlar, istərsə də rəsmi doktrinanın diktə etdiyi ideoloji təməlləri əlində rəhbər tutan silahlı birləşmələr modelindən geniş istifadə edildi. Məsələn, Livanda “Hizbullah”, Yəməndə “Ənsərullah”, İraqda “Həşd əş-Şaabi”, Suriyada müxtəlif adda milis dəstələri və s.

- ABŞ Ukraynaya qarşı işğalçı müharibə aparan Rusiyaya dron satan və ballistik raket tədarük etməyə hazırlaşan İranı hədələyib. Dövlət Departamentindən verilən açıqlamada İrana yönəlik bu dəfəki addımın sanksiya olmayacağı bildirilib. Yəni Amerikadan İrana qarşı hansı mümkün cavablar verilə bilər?

- Hələ ABŞ Trampın dövründə Vyana sazişindən çıxdıqdan sonra Vaşinqtonun dörd istiqamətdə İrana qarşı hərəkətə keçəcəyi gözlənilirdi. Birincisi, öldürücü iqtisadi sanksiyaların tətbiqidir. Artıq bu proses gedir, nəticəsi də budur ki, İran iqtisadiyyatı çökmüş durumdadır.

İkincisi, İranın Yaxın Şərqdəki vasitələrini zərərsizləşdirmək və özünü bölgədən sıxışdırıb çıxarmaqla bağlıdır. Bu yöndə addımların atıldığını da görürük. Məsələn, Türkiyə Suriyada fəallaşdı, yay aylarından İraqda maraqlı proseslər başladı və s. İraqdakı son gəlişmələri ümumiyyətlə Qum şiəliyi ilə Nəcəf şiəliyinin toqquşması kimi də xarakterizə etmək olar. Livanda da “Hizbullah”la bağlı yeni gəlişmələr var. “Hizbullah”ın mövqelərinin zəiflədilməsi prosesi gedir, İsrail də bu prosesdən kənarda deyil. Yəməndə “Ənsərullah”a qarşı ərəb koalisiyasının aktiv şəkildə hərəkətə keçməsinin şahidi olduq. Bütün bunlar ikinci istiqamət üzrə gedir.

Üçüncü istiqamət İran daxilində sosial, etnik və məzhəb gərginliyinin yaradılması ilə bağlıdır. Zatən, İran daxilindəki mövcud olan problemlər bu yöndə gərginliyin artacağını proqnozlaşdırmaq üçün əsas verirdi. Hazırda İranda iki aya yaxındır gedən kütləvi nümayişlər də bunu göstərir.

Dördüncüsü, İranın tam şəkildə dünyadan təcrid edilməsidir. ABŞ və ya Qərb 1979-cu ildən bəri bu məsələnin üzərində aktiv şəkildə işləyir. Bununla bağlı da müəyyən nəticələr əldə olunub. Düşünürəm ki, bundan sonra bu dörd istiqamət üzrə aktiv fəaliyyətin şahidi olacağıq. İranın öz ətrafında yaratdığı “şiə hilalı”nın aradan qaldırılması yönündə də ciddi addımların atılacağını deyə bilərik. Zamanla İrana qarşı nəzərdə tutulmuş addımların daha da sərtləşdiriləcəyinin şahidi olacağıq.