Belçika və Niderland səfirləri XİN-ə çağırılıb, anti-Azərbaycan sənədlərinə etiraz bildirilib

Belçika və Niderland səfirləri XİN-ə çağırılıb, anti-Azərbaycan sənədlərinə etiraz bildirilib

18:12
Bəyəndim (0) Bəyənmədim (0)

Aprelin 20-də Belçikanın Azərbaycandakı səfiri Julyen de Frepon və Niderlandın Azərbaycandakı səfiri Marian de Yonq ayrı-ayrılıqda Xarici İşlər Nazirliyinə (XİN) çağırılıblar. Bu barədə XİN-dən məlumat verilib.

Bildirilib ki, görüşlərdə aprelin 16-da Belçika və Niderland Parlamentləri tərəfindən qəbul edilmiş, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü, həmçinin Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesini sarsıtmaq məqsədi daşıyan növbəti məsuliyyətsiz cəhdlər olan sənədlərə qarşı kəskin etiraz ifadə edilib.

Sənədlərin tamamilə yalan və əsassız qiymətləndirmələrə uyğun olaraq tərtib olunduğu, bu qurumlar daxilində dərin kök salmış Azərbaycan əleyhinə qərəzi nümayiş etdirdiyi vurğulanıb.

Parlament qərarlarında yer alan qəbuledilməz iddiaların beynəlxalq hüququn kobud şəkildə pozulması və qanunun aliliyinə açıq şəkildə müdaxilə olduğu qeyd edilib.

Bundan əlavə, görüşlər zamanı Azərbaycanın suveren əraziləri ilə bağlı saxta istinadlar, həmçinin Ermənistanın ərazi bütövlüyünün pozulması iddiası, erməniəsilli şəxslərin hüquqları və onların guya qanunsuz həbsi ilə bağlı bütün əsassız ittihamlar qətiyyətlə və sərt şəkildə rədd edilib.

Sənədlərin qəbulunun Azərbaycan və Ermənistan parlamentlərinin spikerləri arasında son görüşlə üst-üstə düşdüyü üçün xüsusilə paradoksal olduğu səfirlərin diqqətinə çatdırılıb.

Belçika və Niderland tərəfləri müvafiq parlamentlərində anti-Azərbaycan qruplarının ikitərəfli münasibətlərə zərər verməsinin qarşısını almaq üçün təsirli tədbirlər görməyə çağırılıblar.

Oxuməni.az