Avropanın təhlükəsiliyində artan Türkiyə faktoru...
Polşanın Türkiyədən “Bayraktar TB-2” hücum PUA-larını satın alması Polşa ordusunun döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə artıracağı heç kimdə şübhə doğurmur.
Oxuməni.az-ın verdiyi xəbərə görə, məsələ ilə bağlı moderator.az yazır ki, bəzi Avropa ölkələri, xüsusilə də alman və fransızlar, müttəfiqlərinin silahlı qüvvələrinin ehtiyacları üçün Türkiyənin “Bayraktar TB-2” zərbə-kəşfiyyat PUA-larını əldə etməsi ilə bağlı məlumatlara fərqli reaksiya göstərir. Daha əvvəl Polşa mətbuatı bu aparatları almaq haqqında qərarın, adı çəkilən vasitələrin Qarabağdakı münaqişə zamanı uğurlu döyüş istifadəsi əsasında verildiyi qeyd etmişdi. Polşanın Türkiyə pilotsuz vasitələrini satın alması, təbii ki, Polşa ordusunun döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq. Çünki Polşaya qədər Avropada yalnız Fransa zərbə tipli dronlarına malik olub. Başqa sözlə desək, Polşa artıq ciddi zərbə tipli pilotsuz aviasiya potensialına malik ikinci Avropa ölkəsidir. Bu məsələ isə alman və fransız ictimaiyyətini daha çox narahat edir. Polşa və Türkiyə NATO formatında götürdüyü öhdəliklərə əməl edən və orduya ölkələrinin ÜDM-nin 2% -ni ayıran azsaylı üzv ölkələrdəndir. Polşa hökuməti Rusiyadan gələn mümkün təhdidləri nəzərə alaraq, orduya ayrılan vəsait miqdarını ölkənin ÜDM-nin 2,5% -ə çatdırmağa çalışır.
Almaniya isə hələ də ordusuna Şimali Atlantika blokunun nizamnaməsində göstərilən ÜDM-in 2%-lik səviyyəsini əldə edə bilmir. Belə bir vəziyyətdə Almaniya Polşanın orduya üstün diqqəti baxımından, Fransa isə zərbə PUA-larını istehsal etdiyi halda Varşavanın Avropa Birliyində əməkdaşlıq etmədiyi Ankaradan PUA əldə etməsinə qısqanclıqla yanaşdı. Halbuki, Polşa Rusiya ilə sərhəddə yerləşdiyi üçün, onun müdafiə potensialının güclənməsi birbaşa Avropanın təhlükəsizliyinə xidmət edir. Lakin görünən odur ki, Almaniya və Fransa mətbuatı Polşaya qarşı idarəolunan eyni mərkəzdən “yumşaq tənqid” kompaniyasına başlayıb.
Fransanın davranışını hardasa anlamaq olar, lakin Almaniya təccübləndirir. Çünki, Fransanın “Patroller” PUA-larının zərbə versiyasının hazırlanmasına dair məlumatlar keçən illərdən mövcuddur. Fransanın “Safran Electronics & Defence” şirkəti dron modellərinə silah daşımaq qabiliyyəti qazandırmaq məqsədilə Patroller dronun inkişaf etdirərək onun zərbə versiyasını hazırladığı məlumdur. Sifarişçisi Fransanın silah tədarükü agentliyi (Direction Générale de l'Armement, DGA) olan “Patroller” dronunun keçən ilin yayında sınaqları da keçirildi.
“Patroller” PUA-ları lazer tuşlama sisteminə malik idarəolunan “Thales Acüleüs” idarə olunan raketləri daşıyır. 68 mm diametrli bu mini sursat cəmi 8,8 kq kütlə ilə 5 km məsafədəki hədəfləri məhv edə bilir. Fransa ordusu 14 ədəd “Patroller” pilotsuz vasitəsi və 6 ədəd yerüstü idarəetmə stansiyası sifariş verib, lakin onların təchizatının başa çatması barədə məlumatlara rast gəlinmir.
“Patroller” dronunun inkişafı yeni hadisə deyil. 2009-cu ildən fransızlar Almaniyanın iki nəfərlik idman planeri “Stemme S15” bazasında PUA inkişafı həyata keçirməyə başladılar. 18 m qanad açılımına malik PUA-nın maksimum havaya qalxma kütləsi 1.1 tondur. Dron 200 km/saat sürətə və 170 km/saat sürətlə kəşfiyyat aparmağa qadirdir. Patroller 250 kq-a qədər faydalı yük daşıya bilər. Cihazın uçuş məsafəsi 180 km, havada qalma müddəti 20 saatdır. Dron 6000 m yüksəklikdə uça bilir. Göründüyü kimi, Fransanın 12 ildə əldə edə bilmədiyini Türkiyə 2 dəfə daha qısa müddətdə əldə edə bildi. Əlavə olaraq, “Bayraktar” TB2 PUA-sı fransız rəqibindən maksimum sürət, havada qalma müddəti və yüksəklik göstəricilərinə görə fərqlənir. Türk PUA-sının əsas üstünlüyü isə onun son illərdə baş verən Suriya, Liviya və Qarabağ münaqişəsi ilə bərabər, demək olar ki, hər gün Türkiyə sərhədlərində PKK/YPG terrorçularına qarşı ən təsirli silah kimi tətbiq olunmasındadır. Türkiyə PUA-sının peyk idarəetmə kanalı və pilotlu vasitələrlə qarşılıqlı əlaqədə döyüş əməliyyatlarında iştirakı isə fransızlar üçün hələ də əlçatmaz zirvədir. Məhz Polşanı da cəlb edən bu sadalanan üstün xüsusiyyətlərdir.
Almaniyaya gəldikdə isə burada müzakirə və müqayisə ediləcək obyekt tapmaq çətindir. Avropanın aparıcı ölkəsi olsa da, bu günə qədər zərbə PUA-larının saxlanılması, istismarı və texniki xidməti üçün infrastruktura malik olmayan Almaniyanın, bu məsələdə Polşaya qarşı çıxış etməsi heç anlaşılan deyil.
Əslində Polşa “Bayraktar” PUA-larını sovet/rus silahının qənimi kimi əldə edib və bu Avropa ölkələrinin maraqlarına tam uyğundur. Deməli ki, burada Almaniya və Fransanı narahat edən Polşanın güclənməsi deyil, Avropa təhlükəsizlik sistemində Türkiyə faktorunun artan əhəmiyyətidir. Varşavanın Avropa təhlükəsizlik siyasətindəki nüfuzunu artırmaq üçün Türkiyə PUA-larına üstünlük verməsi, Polşanın real döyüş imkanları bəlli olmayan Fransa istehsalı olan dronların xüsusiyyətlərindən məmnun olmadığına aid faktlara malik olduğunu göstərir.
Oxuməni.az






































































.jpg)























